XƏBƏR
09:22

  Azərbaycan-Yaponiya Dostluq Mərkəzi internet resurslarında Xocalı soyqırımı ilə bağlı məlumatları yeniləyib

Gündəm

Xəbər lenti
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yapon dilində olan internet resurslarında qanlı faciə ilə bağlı məlumatları yeniləyib.

Agyol.az xəbər verir ki, bu barədə Yaponiyadakı mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, Xocalıda erməni silahlıları tərəfindən dinc əhaliyə qarşı törədilən faciə barədə yapon ictimaiyyətini daha geniş və düzgün məlumatlandırmaq üçün bu dildə olan internet resurslarına yeni məlumatlar əlavə edilib. Ermənilərin də bu istiqamətdə fəal çalışdığını, faciə barədə dünya ictimaiyyətini azdırmaq məqsədilə fəallıq göstərdiyini deyən sədr həmin mənbələrdəki yalan məlumatların, ermənilərin guya bu faciədə günahkar olmamasının təsdiqinə yönələn informasiyaların obyektiv məlumatlarla dəyişdirilməsinin zəruriliyini bildirib. Qeyd edib ki, bu saxta məlumatları hadisə barədə həqiqətləri əks etdirən informasiya və faktlarla əvəz etmək, faciə barədə dünya ictimaiyyətini obyektiv məlumatlandırmaq lazımdır. Məqsəd yapon ictimaiyyətinin faciə barədə düzgün məlumatlandırılmasından ibarətdir.

X.Kələntər əlavə edib ki, faciə haqqında məlumatlar Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxlaq aləmdə tanınması” və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin AZƏRTAC ilə birgə layihəsi olan “Xocalı–XX əsrin soyqırımı” kitablarından götürülüb. Təşkilatın fəallarının yapon dilində hazırladığı məlumatlar Wikipedia onlayn ensiklopediyasında, Yaponiyada yaxşı tanınan “Azerbaijan”, “Azerbaijan Japan Friendship Center”, “Japan&Azerbaijan”, “ Azərbaycan-Yaponiya. アゼルバイジャン-日本”, “Azerbaijani diaspora in Japan”, eyni zamanda, Azərbaycanın bu ölkədəki səfirliyinin sosial şəbəkələrdəki səhifələrində geniş yayılıb.

Məlumatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər öz əksini tapıb. Vurğulanıb ki, Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Artıq dünyanın 12 ölkəsi, həmçinin ABŞ-ın 22 ştatı, bir sıra beynəlxalq qurumlar Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Bakıda keçirilən izdihamlı yürüşün dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının qəlbində hədsiz qürur hissi doğurduğunu vurğulayan diaspor sədri bu yürüş barədə məlumatların da yapon dilli resurslarda yerləşdirildiyini bildirib.

X.Kələntər vurğulayıb ki, yapon ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı obyektiv məlumatlandırılması bundan sonra da davam etdiriləcək.




  Yayım tarixi :28 Fevral 2019   09:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .