XƏBƏR
10:06

  Abşeronda çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilir

Gündəm

Xəbər lenti

Paytaxtda və regionlarda çoxmərtəbəli binaların dam örtükləri yenilənir, onların fasad və həyətləri öz görkəmini dəyişir. Ötən il ərzində Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

 

Agyol.az xəbər verir ki, Ceyranbatan qəsəbəsində 8 çoxmənzilli yaşayış binasının dam örtüyü, fasadı, pilləkən qəfəsəsi, Mehdiabad qəsəbəsində 1 dördmərtəbəli, 7 girişli çoxmənzilli yaşayış binasının pilləkən qəfəsəsi təmir edilib.

 

Bununla yanaşı, Ceyranbatan qəsəbəsində Təbrik küçəsi 1, 3, 5 saylı və Gündüz Abdullayev küçəsi 28 saylı çoxmənzilli yaşayış binalarının zirzəmilərinin kanalizasiya xətləri təmir edilib, binaların həyətində 360 metr uzunluğunda 300 millimetr diametrli borularla kanalizasiya boru xətti çəkilərək zirzəmilərin subasması ilə bağlı problem tamamilə aradan qaldırılıb. Həmin əraziyə 3000 kvadratmetr asfalt örtük çəkilərək nümunəvi məhəllə yaradılıb.

 

Son 3 ildə Xırdalan şəhərində binaların həyətlərindən ümumilikdə 265 qanunsuz qaraj götürülüb, 432 daş və metal hasar və 40 kiçik tikili sökülüb.

 

Ötən il Xırdalan şəhərinin küçə və məhəllələrində 5100 p/m səki daşı düzülüb, 2100 kvadratmetr tamet döşənib, 44600 kvadratmetr sahəyə asfalt örtük verilib. Bundan əlavə, 10 ədəd söhbətgah, 34 ədəd karusel və idman qurğusu quraşdırılıb, 3 bulaq inşa olunub, şəhərin Rəşid Behbudov küçəsində əlillər üçün inşa edilmiş binaların qarşısında sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün park salınıb. Aşağı Güzdək qəsəbəsində 6500 kvadratmetrlik ərazidə də park salınıb, qəsəbə ərazisində 100 ədəd oturacaq quraşdırılıb.

 




  Yayım tarixi :27 Fevral 2019   10:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .