XƏBƏR
15:38

  Əfqanıstan müharibəsi veteranları Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 21-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün artırılması haqqında Fərman və Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalaması Əfqanıstan müharibəsi veteranları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. 


Agyol.az xəbər verir ki, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəmməd Vəliyevin Əfqanıstan müharibəsi veteranları adından dövlətimizin başçısına ünvanladığı məktubda deyilir: “Bu sənədlərin imzalanması ilə bir daha təsdiq etdiniz ki, dövlət başçısı kimi Siz veteranların, şəhid ailələrinin yanındasınız”.

Vətənpərvər insanların, xüsusilə də veteranların dövlət qayğısı ilə əhatə olunmasının Ulu Öndərimizin adı ilə bağlı olduğu vurğulanan məktubda qeyd edilir ki, ümummilli liderimiz Heydər Əliyev veteranları həmişə yüksək qiymətləndirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfinizdən uğurla davam etdirilir. Veteranlara hərtərəfli diqqət və qayğı göstərilir. Müharibə veteranlarına davamlı göstərilən diqqət və qayğının nəticəsidir ki, onların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ var. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən kifayət qədər ciddi dəstək verilir. Qanunvericiliklə veteranların sosial təminatı ilə bağlı önəmli məqamlar təsbit olunub, mənzil-kommunal xidmətlərindən istifadə ilə bağlı müavinətlər təyin edilib. Veteranlarımız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar, dərman və müalicə vasitələri ilə təmin olunurlar. Müvafiq icra hakimiyyəti orqanları, veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirirlər. Göründüyü kimi, dövlət veteranların mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş gündəlik sosial-məişət problemlərinin həllinə qədər bütün detalları nəzərə alır. Bu səbəbdən də qayğıya ehtiyacı olan veteranların dövlətin himayəsində olması cəmiyyət tərəfindən təqdir olunur.

Qeyd edilir ki, hazırda Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi beynəlxalq veteran təşkilatları ilə sıx əlaqə yaradıb. Birlik Türkiyə, Rusiya və MDB məkanına daxil olan digər ölkələrin veteran təşkilatlarının tədbirlərində fəal iştirak edir. Bu tədbirlərdə Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğal olunması, Azərbaycan dövlətinin sülh səyləri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf və veteranlara dövlət qayğısı barədə məlumatlar beynəlxalq veteran təşkilatlarının nəzərinə çatdırılır. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edirlər.

“Sizin xüsusi diqqətiniz nəticəsində milli ordumuzun güclənməsinin, əsgəri xidmət üçün gözəl şərait yaradılmasının, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin necə yüksəldiyinin şahidi olmuşuq. Həqiqətən xalq öz ordusuna inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur.

Bu gün Sizin Prezident kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeyini qətiyyətlə səsləndirməniz biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərimizin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı daha da artırır.

Biz veteranlar, xüsusilə də müharibə dövrünü yaşamış, ağrılı-acılı günlərin şahidləri olan bu insanlara diqqət və qayğı, sözün həqiqi mənasında, böyük əhval-ruhiyyə bəxş edir. Bu gün hər bir Azərbaycan gənci dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq istər hərbi xidmət zamanı, istərsə də ondan sonrakı dövrdə döyüşməyə, işğal altında olan torpaqların azad edilməsində iştirak etməyə hazırdır. Əfqanıstan müharibəsi veteranları da müstəqil Azərbaycanımızın suverenliyinin təmin olunması üçün hər an Qarabağ uğrunda döyüşə hazırdırlar”, - deyə məktubda bildirilir.

Əfqanıstan müharibəsi veteranları yüksək qayğı və diqqətə görə Prezident İlham Əliyevə bir daha dərin minnətdarlıqlarını bildirir, Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizədə etibarlı müdafiəçilər olaraq daim dövlətimizin başçısının yanında olduqlarını bəyan edirlər.

 

 




  Yayım tarixi :26 Fevral 2019   15:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .