XƏBƏR
11:56

  Səfir: Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın

Gündəm

Xəbər lenti

27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq.

 

Agyol.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbycandakı səfiri Erkan Özoral deyib.

 

Səfir bildirib ki, Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır: "Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədikcə, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadıqca, biz də rahat olmayacağıq".

 

Diplomat vurğulayıb ki, Türkiyənin əksər şəhərlərində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilir.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

 

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.




  Yayım tarixi :26 Fevral 2019   11:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .