XƏBƏR
10:51

  Nyu Yorkda Amerikanın yəhudi və müsəlman təşkilatları Xocalı qətliamını anıb

Gündəm

Xəbər lenti

Nyu York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 

Agyol.az-ın məlumatına görə, tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatların təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib.

 

Tədbiri ASF-nin icraçı direktoru Ceyson Quberman açaraq Xocalı qətliamının qurbanlarını yad edib, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna verdiyini vurğulayıb.

 

Bundan sonra çıxış edən MALA-nın icraçı direktoru Zeynab Xan Xocalı faciəsinin qurbanlarını hörmətlə anıb və təəssüflə vurğulayıb ki, dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələri öyrənməli və yadda saxlamalıdır ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı ala bilsin.

 

Tədbirin giriş hissəsindən sonra yəhudi və müsəlman dini xadimləri şəhid olmuş Xocalı sakinlərinin ruhlarına dualar oxuyub.

 

Xocalı qətliamı barədə təfərrüatların təqdim edilməsi üçün Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov çıxış edib. O, yəhudi və müsəlman təşkilatlarının birgə Xocalı qətliamının anımının təşkilini dinlərarası əməkdaşlığın bariz nümunəsi adlandırdı və mənsubiyyətindən asılı olmayaraq bütün insanların belə faciələrin anmasının mənəvi borc olduğunu xatırladıb.

 

Səfirlik əməkdaşı bildirib ki, erməni qüvvələri Xocalıda bilərəkdən kütləvi qırğın törətmiş, bu faktı erməni rəhbər şəxsləri də etiraf edib. Xocalı qətliamında istifadə edilmiş qəddar metodlar ölkəmizin digər işğal edilmiş ərazilərində də tətbiq edilib. Bu xüsusda Xocalı qətliamı ermənilərin Azərbaycana qarşı apardığı təcavüzün və 800 minə yaxın insanı etnik təmizləməyə məruz qoymasının təcəssümüdür. Edilən vəhşiliklərə cavab olaraq Azərbaycan tərəfi intiqam deyil, etnik təmizləmə planının həyata keçirənlərin mənfur planlarının iflas edilməsinə, Azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına və əvvəllər də olduğunu kimi Azərbaycanın tərkibində erməni və Azərbaycanlı icmaların birgə rifah işində yaşamasına çalışır.

 

Daha sonra Xocalı sakini və qətliamın canlı şahidi Anar Usubov Xocalının işğalı günü özünün və yaxınlarının başlarına gətirilən müsibətlər barədə xatirələrini tədbir iştirakçıları ilə paylaşıb. O, həmin gecə bir çox yaxınlarını itirdiyini, 11 yaşında girov götürüldüyünü, girovlukda insanlara işkəncə verildiyini, neçə insanların qətlə yetirildiyini və digər bəzi Xocalı sakinlərinin hələ də itkin olduğunu acı hissi ilə xatırladıb. Lakin A.Usubov hazırda ən böyük arzusunun öz doğma yurduna qayıtmaq və yenidən Xocalını çiçəklənən şəhərə çevirmək üçün çalışmaq olduğunu vurğulayıb.

 

Tədbirin ikinci hissəsində psixologiya və psixoanaliz üzrə professor Danielle Knafo, A.Usubov, MALA direktoru Zeynab Xan və Somalidə baş vermiş kütləvi qırğının canlı şahidi Əhməd Ömər iştirakıyla panel müzakirələri keçirilib.

 

Sözügedən tədbirlə eyni gündə Amerikanın Sefard Yəhudilərinin müsiqi festivalı çərçivəsində Xocalı qətliamının xatirəsinə həsr olunmuş Azərbaycan muğamı axşamı təşkil edilib və Azərbaycan muğamının ustadı, amerikalı müsiqişunas Cefri Verbok tar, ud və kamançada ifalar edib.




  Yayım tarixi :26 Fevral 2019   10:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .