XƏBƏR
18:19

  “Kaspi” liseyində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirilib

Gündəm

Xəbər lenti

“Kaspi” liseyində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirilib.


Agyol.az xəbər verir ki, “Kaspi” liseyinin Ağ şəhər filialında Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Böyük Vətən müharibəsi veteranlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şagirdlərin Xocalı faciəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə nünayiş etdirilən rəsmlər veteranlarda dərin təəssuratlar oyadıb.

Daha sonra tanınmış yazıçı, publisist Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış kompazisiya nümayiş etdirilib. Şagirdlər ifaları ilə öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın vətən nisgilini, el-oba həsrətini və düşdükləri çarəsiziyi gözlər önünə gətirdi. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilmiş və qaçqınlığın bu gün dünyanı narahat edən problemə çevrilməsinə xüsusi diqqət yetirilmişdir. Kompozisiya yadda qalan olmuşdur.

Tədbirdə Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva Xocalı faciəsinin 27-cü ildönümü ərəfəsində rellaşan tədbirin məqsədi barədə məlumat verib. S.Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin Azərbaycan ilə bağlı tarixi həqiqətləri, xalqımıza qarşı törədilən faciələri dərindən bilmələri, milli yaddaşımızın möhkəmlənməsi baxımından belə tədbir və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənilərin xalqımıza qarşı törətdikləri faciələri, qətliamları “dənizdən dənizə böyük Ermənistan” xülyasının reallaşdırılması planının tərkib hissəsi olduğunu diqqətə çatdırıb. S.Vəliyeva Xocalı faciəsinin araşdırılmasının və qan yaddaşımıza həkk olunmasının gənclərin milli ruhda yetişməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpaqlarımızı hər an işğaldan azad etməyə hazır olmalıdırlar.

Bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlərin aparıldığını vurğulayan S.Vəliyeva faciəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. Diqqətə çatdırıb ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Sonrakı dövrdə də Ulu Öndər Xocalı faciəsi ilə bağlı bir neçə sərəncam imzalayıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun son illərdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi ardıcıl fəaliyyət nəticəsində son illərdə dünyanın ondan çox ölkəsinin Xocalı soyqırımını tanıdığını vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, Soyqırımın tanınmasında dövlətimizin apardığı ardıcıl və məqsədyönlü siyasətdən danışıb. Gələcəkdə belə halların təkrarlanmaması üçün gənclərin elmə təhsilə yiyələnməsinin vacibliyini qeyd edib. “Azərbaycanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin nəticələridir.

Biz düşmənə layiqli cavab verməyi bacarırıq. Belə şərəfli missiyanı isə yalnız vətənpərvər insanlar yerinə yetirə bilər. Bu gün gənclərimizin milli ruhda yetişməsi bizi sevindirir. Veteranlar Təşkilatı da yeniyetmə və gənclərimizin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl işlər görür. Veteranlarla gənclərin görüşləri təşkil edilir, onların vətənpərvər ruhda tərbiyəsi məqsədi ilə əməli tədbirlər həyata keçirilir. Veteranlar məktəblərdə keçirilən hərbi dərslərdə aktiv iştirak edir.

Biz düşməndən güclüyük və bu gücü qoruyub daim saxlamaq üçün elmə yiyələnməliyik. Bunun üçün siz üzərinizə düşən məsuliyyəti anlamalı və dərslərinizə daha da məsuliyyətlə yanaşmalısınız”.

Sonra Böyük Vətən müharibəsi veteranı Ulduz Səttarov çıxış edib. Tarixin ən qanlı müharibəsini görmüş bir döyüşçü kimi gənclərə tövsiyyələr verib. Onlara vətəni sevməyin vacibliyini bildirib. O həmçinin: “Biz Böyük Vətən müharibəsində faşizmi gördük və onun acılarını yaşadıq. Faşizmi yer üzündən silmək, azadlıq və vətən üçün döyüşdük, canımızı, gəncliyimizi bu yolda fəda etdik. Müharibə bitdiyində biz faşizmi tamamən məhv edə bilmədik. Daha qəddar olan erməni faşizminin 1992-ci ildə fevralın 26-da bir daha şahidi olduq. Mən sizə qətiyyətlə bildirirəm ki, Erməni faşizmi daha qəddar və daha amansız olmuşdu. Onarın murdar xislətinin misli bərabəri olmamışdır”.

Sonra Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə Kaspi” liseyinin təhsildə fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

 




  Yayım tarixi :25 Fevral 2019   18:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .