XƏBƏR
18:42

  Ruslan Auşev: İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir (ÖZƏL)

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, fevralın 21-də Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılsın.

 

Elə həmin gün Azərbaycan Prezidenti MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.

 

 Bunu müsahibəsində İnquşetiyanın sabiq prezidenti Ruslan Auşev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Bakıya səfəri barədə təəssüratları və digər məsələlər barədə danışıb.

 

Azərbaycan Prezidenti ilə görüşdən məmnunam

 

Mən Azərbaycan dövlət başçısı ilə görüşdən məmnunam və Prezident İlham Əliyevə Əfqanıstanda döyüşmüş azərbaycanlıların sosial müdafiəsinin təminatına, eləcə də Azərbaycanın Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı imzaladığı mühüm sərəncama görə minnətdarlığımı bildirirəm.

 

Mən İlham Əliyevi çoxdan tanıyıram, o, atası kimi nüfuzlu, öz xalqını sevən rəhbərdir. İlham Əliyev gənc, enerjili, vacib məsələləri operativ həll etmək bacarığına malik rəhbərdir.

 

Ən yaxşı mükafat

 

2014-cü ildə İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif edib, bu mənim üçün ən yüksək mükafatlardan biridir.

 

Məni bir hərbçi kimi Azərbaycan Silahlı Qüvvələrinin paradı yaxşı mənada təəccübləndirdi. Hərbi texnikadan anladığım üçün deyə bilərəm ki, bu tədbirdə gördüklərim məni heyrətləndirdi

 

Bakı heyrətləndirir

 

Sonuncu dəfə Bakıda beş il əvvəl olmuşam və bu müddət ərzində baş vermiş dəyişikliklər məni heyrətləndirib. Bakı, mən deyərdim ki, riyazi yox, həndəsi silsilə ilə yaxşılığa doğru dəyişir. Bu illər ərzində Azərbaycan paytaxtında böyük dəyişikliklər baş verib, bir çox vacib tədbirlər – idman, mədəniyyət tədbirləri keçirilib. Bu tədbirlərin öhdəsindən çox ölkələr gələ bilməzdi. Azərbaycan bunu etdi.

 

Bakıda baş verən hər şey heyrətləndirir. Mən Azərbaycanda baş verə bütün hadisələri izləməyə çalışıram, çünki bu, mənə maraqlıdır. Mən xaricdə olanda belə, kabel televiziyası vasitəsilə Azərbaycan kanallarını izləyirəm. Görürəm ki, Azərbaycan dövlətinin başçısı hər dəfə Naxçıvanda, Gəncədə və ya ölkənin digər bölgələrində sosial və ya mədəni əhəmiyyətli obyektləri ziyarət edir.

 

Otuz il sonra

 

Biz bu dəfə Bakıya eyni batalyonda xidmət etdiyimiz döyüş yoldaşlarımızı, Əfqanıstan müharibəsi veteranlarını görməyə gəlmişik.

 

Bütün bu otuz il ərzində bir-birimizlə münasibət saxlayırıq. Əlbəttə ki, Bakıda döyüş yoldaşları ilə görüş çox xoş oldu və bu imkana görə, ilk növbədə Azərbaycan Prezidentinə təşəkkürümü bildirirəm.

 

Gözəl və rahat şəhərdə dostluq görüşü – sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illik ildönümünü döyüş yoldaşları ilə birgə keçirmək üçün başqa nə lazımdır.

 

Heydər Əliyevi xatırlayarkən...

 

Mən İnquşetiyanın prezidenti olarkən, Bakıya tez-tez gəlirdim, mən Heydər Əliyevin inauqurasiyasında iştirak etmişəm, Qafqaz dialoqu xətti ilə buraya gəlmişəm. Bizim onunla yaxşı münasibətlərimiz var idi. Yadımdadır, çeçen müharibəsi dövründə, 1994-cü il hadisələri zamanı Azərbaycan çeçen qaçqınlarına humanitar yardım göstərirdi.

 

Biz o zaman Bakıya tez-tez gəlirdik, bu, həm Şimali Qafqaz ölkələri rəhbərlərinin, həm də Azərbaycan rəhbəri kimi Heydər Əliyevin qarşısında dayanan ağır məsələlərin həll edilməli olduğu dövr idi.

 

Qafqazda biz həmişə Azərbaycanın dəstəyini hiss etmişik.

 

“Düşmənçiliyə icazə verməyəcəyik”

 

Moskvada kafedə baş vermiş insident onu göstərir ki, kimsə azərbaycanlılarla çeçenlər arasında gərginliyin yaranmasında maraqlıdır.

 

Biz buna icazə verməyəcəyik. Çeçenlər, inquşlar, azərbaycanlılardan ibarət nüfuzlu şəxslər toplanıb vəziyyəti müzakirə etdilər, nəticələr çıxardılar. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Poad Bülbüloğlu da iştirak edib. Biz məişət xarakterli insidentə siyasi rəng qatmağa, iki qardaş xalq arasında düşmənçilik yaratmağa icazə verməyəcəyik. Əgər kimlərsə bu məsələ ilə bağlı nə isə qazanmaq istəyirdisə, bu, onlarda alınmayacaq.




  Yayım tarixi :22 Fevral 2019   18:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .