XƏBƏR
12:54

  Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib (FOTO)

Gündəm

Xəbər lenti

Vaşinqtonda Qadınların Milli Demokratiya Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib. Mərkəzin yerləşdiyi tarixi “Uittemor” binası XIX əsrin sonlarında ABŞ paytaxtının mərkəzində tikilib və 2000-ci ildən muzey kimi fəaliyyət göstərir.

 

Agyol.az xəbər verir ki,konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti, bir çox beynəlxalq müsabiqələrin laureatı, Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı pianoçu Nərgiz Əliyarova və azərbaycanlı gənc istedad, hazırda ABŞ-ın Pensilvaniya ştatında doktorantura pilləsində təhsil alan, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələrdə keçirilən festivalların qalibi olmuş skripkaçı Azər Dəmirov ifa ediblər.

 

Tədbirdə iştirak edən çoxsaylı qonaqlar arasında Vaşinqtonda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqtonda və onun ətrafında yaşayan soydaşlarımız olub.

 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konsertdən əvvəl çıxış edərək 27 il bundan öncə törədilmiş Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi olduğunu deyib. O, bu faciənin beynəlxalq humanitar təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində törədilmiş ən böyük qətliam kimi qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qalmasına və 1 milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, ölkəmizin bu gün durmadan inkişaf etdiyini və didərgin düşmüş, o cümlədən Xocalı faciəsindən qurtulmuş insanlara hər cür şərait yaratdığını vurğulayıb. Diplomat bunun Azərbaycan dövlətinin gücünün, ölkə rəhbərliyinin strateji düşüncəsinin və Azərbaycan xalqının müdrikliyinin və əzmkarlığının nəticəsi olduğunu bildirib.

 

Səfir musiqinin Qarabağın ən əsas simvollarından biri olmasından bəhs edib və tədbirdə ifa ediləcək bir sıra musiqilərin müəllifi olan Qara Qarayev və Arif Məlikovun məhz Qarabağ musiqisindən bəhrələndiyini bildirib.

 

Elin Süleymanov Azərbaycan xalqının həmişə olduğu kimi, bu gün də sülhə hazır olduğunu və gələcəyə inamla baxdığını qeyd edib. O, Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşünməli olduğunu və əhalisinin rifahı üçün sülh yolunu seçməsinin vacibliyini vurğulayıb. Səfir öz torpaqlarından didərgin düşmüş əhalinin heç şübhəsiz gec-tez doğma yurdlarına qayıdacaqlarını və Azərbaycan musiqisinin hazırda işğal altında olan torpaqlarımızda ifa ediləcəyini əminliklə bildirib.

 

E.Süleymanov Azərbaycan dövləti və xalqının tarixboyu qonşu dövlətlərlə dinc yanaşı yaşadığını önə çəkərək gələcəkdə də Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin daim sülhün tərəfdarı olduğunu və qarşı tərəfdən də eyni yanaşmanın gözlənildiyini vurğulayıb.

 

Daha sonra konsert proqramı çərçivəsində tanınmış dünya və Azərbaycan bəstəkarlarının musiqiləri, o cümlədən “Monoloq” (Arif Məlikov), “Siciliana” (Giovanni Battista Perqolesi), “Yeddi gözəl” baletinin “Ən gözəl gözəl” parçası (Qara Qarayev), “Nocturne C” (Frederik Şopin), “Qəmhin vals” (Aqşin Əlizadə), “Eleci” (Sergey Raxmaninov), “Vətən balladası” (Faiq Sücəddinov) kimi əsərlər səsləndirilib.

 

Konsertdə ifa olunan əsərlər tədbirdə iştirak edən qonaqlar tərəfindən böyük maraqla dinlənilib. Faiq Sücəddinovun Vətən balladası qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin ifadan sonra pianoçu Nərgiz Əliyarova çıxış edərək bu musiqinin bir gün məhz bütöv Vətənin bir hissəsi olaraq Qarabağda ifa olunmasını arzu etdiyini bildirib. Daha sonra qonaqların xahişi ilə gənc skripka ifaçısı Azər Dəmirov dahi Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa edib.

 

Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.




  Yayım tarixi :22 Fevral 2019   12:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .