XƏBƏR
12:14

  Fevralın 22-si Avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Gündəm

Xəbər lenti

Agyol.az-ın məlumatına görə 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə, respublikada yol infrastrukturunun formalaşmasında mühüm rol oynayırlar. Son illər Azərbaycanda sosial infrastrukturun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədə avtomobil yollarının müasirləşdirilməsi sahəsində görülən tədbirlər də bu baxımdan diqqəti cəlb edir. Yolların müasir tələblərə uyğun yenidən qurulması isə sərnişin və yükdaşımaların keyfiyyətcə yaxşılaşmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafını təmin edir, ölkənin turizm potensialından səmərəli istifadəni sürətləndirir.

Belə ki, son 15 ildə Azərbaycanda 15 min kilometr avtomobil yolu çəkilib. Məhz bunun məntiqi nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun keyfiyyətinə görə ölkəmiz dünyada 34-cü yerdə qərarlaşıb. Sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş bir çox ölkəsini geridə qoyur.

Yol - mədəniyyət, iqtisadiyyat, həm də həyat deməkdir. Yol həm də, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edir. Mübaliğəsiz demək olar ki, son illər respublikada görülən yol inşaat işlərinin miqyası ölçüyəgəlməzdir. Xüsusilə də bölgələrdə kənd və qəsəbə yolları əsaslı təmir olunur, yenidən qurulur, hətta uzaq dağ kəndlərinə belə, müasir yollar çəkilir. Müasir yolların tikintisi və təmiri, beynəlxalq standartlara uyğun yenidən qurulması işləri bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla icra olunur.

Dünya iqtisadiyyatına sürətli inteqrasiya yolu seçən Azərbaycan tarixi İpək Yolunun bərpasının təşəbbüskarı kimi ötən illərdə bu sahədə böyük nailiyyətlərə imza atıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühitinin nəticəsi olaraq, son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin maliyyələşdirilməsində beynəlxalq maliyyə qurumları da yaxından iştirak edir. Nəticədə 2018-ci ildə respublikamızda beynəlxalq əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışı isə heç şübhəsiz, ötən ilin ən yaddaqalan hadisələrindən biri olub. Yeni yolun istifadəyə verilməsi tranzit yük və sərnişindaşımanın həcmini artırmaqla yanaşı, respublikamızın cənub bölgəsində turizmin və kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Hazırda bu yolun 170 kilometrlik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər görülür.

Ötən ilin vəziyyətinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17 min 529 kilometr avtomobil yolu mövcuddur, onun da 4385 kilometri respublika, 13 min 158 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır. Keçən il respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb. Bu siyahıya 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi işləri daxildir. Sözügedən layihələr 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2 min kilometrdən çox avtomobil yollarıdır. Bir faktı da nəzərə çatdıraq ki, aparılmış kompleks tədbirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 kilometr təşkil edirdisə, bu gün 4485 kilometr artaraq 909,5 kilometr olub.

Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır.

2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Eyni zamanda, respublika əhəmiyyətli və magistral yolların da tikintisi həyata keçiriləcək. Maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 270 adda yeni maşın və mexanızmin alınması da nəzərdə tutulur.

 

 




  Yayım tarixi :22 Fevral 2019   12:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .