XƏBƏR
22:41

  Prezidentin son sərəncamı neçə “novostroyka”nı və neçə min mənzil sahibini xilas etdi?

Gündəm

Xəbər lenti

Nüsrət İbrahimli: “Prezident tərəfindən imzalanan fərman təxminən 400-ə yaxın çoxmərtəbəli binaya şamil olunacaq”

Ramil Osmanlı: “Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.

 

Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir.

 

Fərmanın təxminən neçə çoxmərtəbəli binaya, mənzilə şamil olunacağını öyrənmək məqsədilə ekspertlərə müraciət etdik.

 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məlum fərman sosial-iqtisadi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Prezident tərəfindən imzalanan fərman təxminən 400-ə yaxın çoxmərtəbəli binaya şamil olunacaq. Hər binada isə 60-100-120 mənzil var.

 

Ekspert qeyd etdi ki, çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi sosial gərginliyin aradan qaldırılmasına səbəb olacaq: “Bu fərman sayəsində insanlar öz əmlaklarının hüquqlarını təsdiq edən sənəd əldə edəcəklər. Həmçinin, bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını alacaq. Məhkəmə çəkişmələrinin sayı azalacaq”.

 

Həmsöhbətimiz onu da vurğuladı ki, yenidən tikinti şirkətlərinin fəaliyyətində aktivlik yaranacaq. Bunun iqtisadi cəhətdən də ölkə üçün səmərəsi var. Belə ki, dövlət büdcəsinə daxilolmalar artacaq: “Həmin mənzillərin qeydiyyatından dövlət rüsumları və xidmət haqları şəklində dövlət büdcəsinə daxilolmalar olacaq. Sonrakı mərhələdə aparılan əməliyyatlar üzrə yəni, alqı-satqı, girov, vərəsəlik, bağışlama əməliyyatları üzrə vergiyə cəlb olunma, bağlanan əqdlərə görə tələb olunan rüsum və xidmət haqları dövlət büdcəsinə daxil olacaq”.

 

Əmlak ekspert mərkəzinin direktoru Ramil Osmanlı bizimlə söhbətində qeyd etdi ki, Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var: “Bütövlükdə isə, nəinki paytaxt Bakıda, həmçinin, digər regionlarda da belə binalar var. Bu fərman çoxmənzilli binalar üzrə uzun illərdən bəri yığılıb qalmış qeydiyyat probleminin həllinə birbaşa təkan verəcək. Bilirsiniz ki, bir mənzilin bir neçə nəfərə satılması halları müqavilə ilə satılan mənzillərdə baş verirdi. Sözsüz ki, çıxarış olandan sonra artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətində həmin mənzillərin reyestri aparılacaq. Bütün əməliyyatlar notarial qaydada həyata keçiriləcək. Hətta alqı-satqı əməliyyatları zamanı qısa zamanda elektron çıxarışın alınması da mümkündür”.


Günel CƏLİLOVA




  Yayım tarixi :21 Fevral 2019   22:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .