XƏBƏR
17:24

  Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir

Gündəm

Xəbər lenti

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir.


Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışı zamanı deyib.

 

Dövlətimizin başçısı qeyd edib: “Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən sonra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir”.

 

İlham Əliyev bildirib ki, Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var: “Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq”.

 

Azərbaycan Prezidenti deyib ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir:

 

“Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edirəm ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”.




  Yayım tarixi :20 Fevral 2019   17:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .