Vətəndaş qəbulunu səmərəli təşkil etməyən və bu
istiqamətdə nöqsanlara yol verən qurumlar Xarici İşlər Nazirliyi, Energetika
Nazirliyi, Bakı Metropoliteni QSC, Milli Arxiv İdarəsi, İçərişəhər
Tarix-Memarlıq Qoruğu idarəsi, Bakı və Şirvan Apellyasiya Məhkəmələri,
Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar
Palatasıdır.
Agyol.az xəbər verir ki, bunu Prezident
Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin
müdiri Süleyman İsmayılov “Prezident
İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir”
başlıqlı məqaləsində yazıb.
S.İsmayılov həmçinin qeyd edib ki, bir çox icra
hakimiyyətləri vətəndaş qəbuluna riayət etmirlər:
“Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam,
Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra
hakimiyyətlərini göstərə bilərik ki, bu qurumlarda göstərilən tələblərə tam
əməl olunmur, vətəndaş qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir.
Dövlət hakimiyyəti orqanlarının saytlarının
monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul
cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn,
Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və
rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar”.
Şöbə müdiri vətəndaşlarla mütəmadi görüş keçirib,
qəbula xüsusi önəm verən dövlət qurumlarının da adını açıqlayıb:
“Araşdırmalar göstərir ki, bəzi qurumlarda
vətəndaşların qəbulu daha səmərəli təşkil olunur, onların qəbul cədvəlləri
digərlərinə nisbətən daha yaxşı tərtib edilir. Həmin cədvəllərdə qəbul vaxtı
məhdudlaşdırılmayıb, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil
edilib, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə
məlumat verilib, məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli
şəxslərin əlaqə nömrələri əks olunub və qəbul otaqlarında müvafiq şərait
yaradılıb.
Bunlardan İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar,
Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən,
Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyəzən,
Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa
qurumları göstərmək olar”.