Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır – Fərman
Prezident İlham Əliyev Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.Agyol.az
xəbər verir ki, məqsəd xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət
kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək,
dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək,
Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaqdır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda
baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə
bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin
beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən,
Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri
ilə təmin edən publik hüquqi şəxsdir.
Fərmanda Prezident Administrasiyasına Mərkəzin nizamnaməsinin
layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək
tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq
tapşırıqlar verilib.
  Yayım tarixi :06 Fevral 2019   19:47
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=35291