XƏBƏR
09:41

  Görkəmli bəstəkar Qara Qarayev Fəxri xiyabanda anılıb

Gündəm

Xəbər lenti

Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub.

Agyol.az-ın məlumatına görə, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və sənətkarın ailə üzvləri tərəfindən məzarı önünə tər güllər düzülüb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Bəstəkar Elnarə Dadaşova diqqətə çatdırıb ki, bəstəkarın melodiya, ritm, musiqi forması sahəsində axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nümunələrinə əsaslanır.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli deyib ki, musiqi sənətinin demək olar, bütün janrlarına müraciət edən bəstəkarın əsərləri dünya şöhrəti qazanıb, baletləri keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub.

Çıxışlarda qeyd edilib ki, Qara Qarayev yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafı üçün çalışıb. O, Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir.

 




  Yayım tarixi :06 Fevral 2019   09:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .