XƏBƏR
09:13

  “Ver yeyim, ört yatım” dövrü arxada qaldı – KİVDF sosial müdafiə fondu deyil - Nicat Dağlar

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Qəribə mənzərə yaranıb: dövlətin qəzetlərə vəsait ayırmasını “dövrün çağırışlarına tərs-mütənasib strategiya” hesab edənlər, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, əslində yeni dövrün tələblərinə söykənərək qəbul etdiyi qərarı az qala, “dövlət qəzetləri boğur” kimi reaksiyalarla qarşılayırlar… Şübhəsiz, insafsız yanaşmadır. Gözümüzün qabağında dövlət düz 10 ildir qəzetləri boğulmağa qoymur, “süni nəfəs aparatına” qoşub həyatda saxlamağa çalışır…


***

Etiraf etməliyik: Dövlət print medianın inkişaf etməsi, texniki imkanlarının genişləndirilməsi, peşəkarlığın artırılması və ətrafında ciddi rəqəmlərlə ölçülən oxucu kütləsinin formalaşması üçün zəruri olan köməkliyi əsirgəmədi. İnformasiyanın sürətlə yayıldığı, WhatsApp-ın belə xəbərötürmə vasitəsinə çevrildiyi bir dövrdə dövlət print media üçün əslində unikal bir şans tanımışdı. Təəssüf ki, qəzetlər bunu dəyərləndirməyi bacarmadılar…


Yalnız bir neçə qəzetin adını çəkə bilərik ki, onlar sadiq oxucu auditoriyası yaradıb, texniki vasitələrini yeni standartlara uyğunlaşdırmağa, yeniliyə meyilli xəttin üzərində müxtəlif layihələrlə diqqət çəkməyə çalışdılar. Yerdə qalanlar isə “fərasətsiz oğul” kimi davranıb, atanın əlinə baxmaqla kifayətləndilər. “Ver yeyim, ört yatım” yəni…


***

Dövlət qəzetlərə bundan artıq nə etməliydi? Yaxud işləmək, inkişaf etmək, gələcəyini təmin etmək istəməyənləri nə vaxta qədər bəsləməli idi? Yekə-yekə kişilərin valideyn pensiyasına göz dikməsinə oxşar davranışlar sonsuzluğa qədərmi sürməliydi?.. Balıq tutmağı öyrənmək əvəzinə balığın özünü gözləyənlər bilməliydi ki, KİVDF sosial müdafiə fondu deyil, dövlət bir gün uzun illər boyu davam etmiş dəstəyə müvafiq iş əmsalı tələb edəcək. Budur, məhz həmin mərhələdəyik. 10 il sərasər dəstək verilib, indi soruşurlar ki, hansı irəliləyiş var? Yəni söhbət heç də qəzetlərə dəstəyin dayandırılmasından getmir. Dövlət mətbuatın inkişafına tövhə verməyə, oxucularda maraq oyatmağa çalışan qəzet nümunələrinə dəstəyin bundan sonra da əsirgəməyəcək. KİVDF-nin qərarında dəstəyin tamamilə dayandırıldığını düşünməyə əsas verən heç nə yoxdur. Dəyişiklik bilavasitə göstərilmiş dəstəyə adekvat nəticə tələbini ehtiva edir.


***

Tamamilə təbii tələbdir: 10 ildir KİVDF-dən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır. Yayım sayı isə mindən iki minə çatdırılıb. Yəni bu tələblərə cavab verən qəzetlərə dövlətin dəstəyi bundan sonra da davam edəcək. Əslində bu dəyişiklik birmənalı şəkildə keyfiyyətin artırılması məqsədinə hesablanıb. Başqa sözlə, yeni tələblər onu deyir ki, dövlət çağdaş dövrün standartlarına cavab verən, peşəkar komandaya malik, yeni proqramlarla təchiz olunmuş texniki avadanlıqlar vasitəsilə ərsəyə gətirilən, daim təkmilləşən və inkişaf etməyə can atan qəzetlərin varlığında maraqlıdır. Razıyıq və dəstəkləyirik: Bu 10 ildə bir dəfə də olsun özəl müsahibə, maraqlı bir reportaj hazırlayıb oxucuya təqdim etməyən, yalnız “copy-paste” qəzetçiliyi ilə məşğul olanlara hər il ətək-ətək pul xərcləməyin heç bir mənası yoxdur!

Yox əgər kimsə gün ərzində internet mediada yayımlanmış materiallar əsasında qəzet çap etdirmək istəyəcəksə, buyursun, hər hansı məhdudiyyət yoxdur… 

nicatdaglar.wordpress.com

 




  Yayım tarixi :06 Fevral 2019   09:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .