XƏBƏR
15:58

  İnformasiyanı qoruyaq, yoxsa informasiyadan qorunaq?..

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Müasir informasiya vasitələri cəmiyyətin idarə olunmasında nadir tapıntıdır. Bəşəriyyət hələ bu gün olduğu qədər heç vaxt müxtəlif  informasiya alətlərinin dövlətlərin və millətlərin həyatında aparıcı qüvvəyə çevrilməsinə şahidlik etməmişdir. Görünən odur ki, informasiya günü-gündən daha çox təsir gücünə malik olduğunu sübuta yetirəcək qədər hələ çox yeniliklərə imza atacaq. 


Bu gün bəşəriyyəti, daha doğrusu inkişaf etməkdə olan dövlətləri daha çox bir sual maraqlandırır: təhlükəsiz cəmiyyətin formalaşdırılması üçün informasiyanı qoruyaq, yoxsa informasiyadan qorunaq? Təcrübə də göstərir ki, böyük dövlətlər informasiya çənbəri yaradaraq cəmiyyətlərə məhz bu yolla nüfuz etməyə çalışırlar.  

Dünyada daha çox istinad olunan qlobal informasiya resursları bizim təsəvvür etdiyimiz kimi qərəzsiz və obyektiv deyillər. Onlar informasiya müharibəsinin əsas iştirakçısı və icraçısıdırlar. İnternetin sərhədsiz imkanları həmin qlobal informasiya resurslarını insanlar üçün daha da əlçatan edib.  

Təsadüfi deyil ki, məhz internet üzərində yayılan informasiyalar nüvə silahından da təhlükəli hesab olunur. Təsəvvür edin: hər hansı bir qlobal media şəbəkəsinin yaydığı feyk informasiyanın təsdiq və təkzib olunmasına qədər milyonlarla oxucunun (tamaşaçı və dinləyicinin də ola bilər – N.N) ilkin reaksiyası nələrə səbəb ola bilər? Əlbəttə, oxucu informasiyanın istehsalından xəbərsizdir. Təqdim olunan informasiyada faktların isbatı, analizi, təqdimatı və digər komponentləri oxucunun heç vecinə də deyil. Onu ilkin mərhələdə hazır məhsulun keyfiyyəti deyil, daha çox aktuallığı maraqlandırır. Müasir oxucular da bir neçə qrupa bölünür: 

- xəbəri yalnız oxumaqla kifayətlənənlər (bu qrupa çoxluq daxildir və xəbərin dəqiq olub-olmadığı onlar üçün maraqlı deyil);

- xəbəri oxuduqdan sonra onun səhih olub-olmadığını düşünənlər (bu qrup əsasən azlıqda qalanlardır, lakin daha çevikdirlər);

- xəbərin obyektivliyinə şübhə ilə yanaşanlar (bu təbəqəyə siyasətçilər, jurnalistlər və cəmiyyətlə hər zaman təmasda olan digər peşə sahibləri)

Göründüyü kimi, yayılan xəbər heç də hamı tərəfindən birmənalı qarşılanmır. Lakin təhlükəli məqam odur ki, çoxluq – yəni xəbəri oxumaqla kifayətlənən qrup üstünlük təşkil edir. Beləliklə, ictimaiyyət bu qrupun yaydığı informasiyalarla “qidalanır”. Artıq bu məqamda qəbul edilən ilkin informasiyanın təkzib olunması da elə bir ciddi rol oynamır.  

Sosial platformaların meydana çıxması ilə informasiyaların yayılma arealı genişlənməkdə davam edir. Etiraf edək ki, informasiyanın ötürülməsi kanallarına sosial şəbəkələrin daxil olması müsbət əhəmiyyəti ilə yanaşı, həm də ciddi problemlər yaradır. Artıq bir çox məqsədli tərəflər informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı qaydalarını kobud şəkildə pozmaqla istifadəçiyə çatdırırlar. İndi oxucu konkret sayt axtarışına çıxmadan belə, elə axtardığı və ya təsadüfən qarşısına çıxan linki “dümsükləmək”lə istədiyi informasiyanı rahatlıqla əldə edə bilir. Və yaxud da tanıyıb-tanımadığı virtual dostunun paylaşdığı postlara da informasiya kimi yanaşar.  

Bəzən informasiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan  insanlarla tez-tez belə bir mübahisənin şahidi və yaxud da iştirakçısı oluruq. Adam inad edir ki, internetdə (?) filan xəbər yayılıb. İzah etməyə çalışırsan ki, internet dediyin o seqmentdə yayılan hər şeyə xəbər kimi yanaşmaq olmaz. Lakin adam inad və sübut etməyə çalışır ki, internetdə yayılıbsa, deməli, həqiqətdir. Yəni burda da “hərənin öz həqiqəti var” yanaşması üstünlük təşkil edir. 

Əslində yazının girişində qeyd etdiyimiz narahatçılıq da elə məhz bu məqamdır: yanlış, təsdiq olunmayan informasiyalarla cəmiyyətdə yaranan “tıxac”. Əlbəttə, media resurslarında yanlışlığı tez bir zamanda aradan qaldırmaq mümkündür. Ən azı media orqanı ilə əlaqə saxlayıb qeyri-dəqiq xəbərə görə TƏKZİB, CAVAB və ya DÜZƏLİŞ tələb etmək mümkündür (KİV haqqında” AR Qanunu, 44-45-ci maddələr, Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının prinsipləri).  

Biz bu “tıxac”dan çıxmaq üçün sosial platformalarda daha çox əziyyət çəkirik. Bunun üçün də hər bir məlumatlı sosial şəbəkə istifadəçisi qarşısına çıxan informasiyanın təsdiqini tələb etməlidir. Təbii ki, feyk səhifələrdən və admini qeyri-müəyyən qruplardan hər hansı bir informasiyanın təsdiqini tələb etmək sadəlöhvlükdür. Amma yenə də paylaşılan həmin informasiyanın yanlışlığını sübut edən faktlar təqdim etməklə vəziyyəti nisbətən dəyişmək olar. Və yaxud da sosial şəbəkələrdə mövcud olan müxtəlif funksiyalar vasitəsi ilə yayılan dezinformasiyanı “report” edə bilərik.  

Beləliklə, müasir geosiyasi vəziyyət bizə informasiyanı qorumaqla yanaşı, həm də informasiyadan qorunmağı diktə edir.   


Niyaz NİFTİYEV

 




  Yayım tarixi :31 Yanvar 2019   15:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .