Agyol.az xəbər verir ki, ötən ilin sentyabr
ayında elan edilmiş və "Bakı Metropoliteni" QSC sosial əhəmiyyəti
mühüm genişmiqyaslı layihənin həyata keçirilməsi istiqamətində ilk mühüm
addımların atılmasına başlanılıb.Bu layihəyə görə əlillərin və sağlamlığı məhdud
insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq,
bu nəqliyyat vasitəsindən onların imkanlarını məhdudlaşdıran maneələr aradan
qaldırılacaq. Məqsəd isə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər
kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət
edən insanların metropolitendən istifadə edə bilməsini təmin etməkdir.
Sirr deyil ki, Bakı
metrosunda əlil arabaları ilə hərəkət etmək çox çətindir. Bu səbəbdən
"Bakı Metropoliteni" QSC sədrinin tapşırığına əsasən, xüsusi işçi
qrup yaradılaraq, vəziyyət təhlil olunub, araşdırma və müzakirələrin
aparılaraq, beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları
öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin
də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan
istifadə etməsinin mümkünlüyü müəyyən edilib.
Ötən müddət ərzində
layihənin həyata keçirilməsi üçün bir sıra texniki məsələlər, tətbiq ediləcək
qaydalar öyrənilib və Bakı metropoliteni üçün ən uyğun variant seçilib. Əlil
arabasından metropolitendən istifadə etmək istəyən şəxs əvvəlcədən sifarişini
verəcək və onu metropolitendə bu iş üçün ayrılmış işçi onu stansiyanın girişində
qarşılayaraq, stansiyaya endirəcək sərnişin qatarla mənzil başına çataraq,
stansiyanı tərk etməsi təmin olunacaq.
Bu işlərin yerinə
yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişiklikliklər
nəzərdə tutulmasa da, metropolitendə istismarı əksəriyyət təşki edilən
81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin
hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Artıq bu yerlərin ilk nümunələri
də baş vaqonların salonlarında quraşdırılıb. Qaydaya uyğun olaraq, hər baş
vaqonun maşinist kabinəsinə yaxın hissəsində quraşdırılan bu yerlər bütün
standartlara uyğun, ən əsası, vaqonların konstruksiyasının təməl prinsiplərinə
xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər
birində quraşdırılacaq.
Əlillər və fiziki
sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən
sifariş verə biləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Əlil arabası
istifadəçisi xüsusi ayrılmış telefon və ya internet vasitəsilə sifarişini verə
biləcək. Sifariş əsasında o, metro stansiyasının girişində qarşılanacaq və mənzil
başına çatdırılacaq. Sifariş üçün müasir texnologiyaların imkanlarından istifadə
olunacaq. Bu məqsədlə xüsusi proqram işlənib və metropolitenin saytında yerləşdirilib.
Əlil arabasında metropolitendən istifadə etmək istəyən sərnişinlər üçün xüsusi
mobil əlavə hazırlanır. Bu proqramı yükləməklə sərnişinlərin sifariş imkanları
da genişlənəcək.
Əlillərin metrodan
istifadə rahatlığını təmin etmək məqsədilə texniki cəhətdən Bakı
metropoliteninin mövcud infrastruktur tələblərinə cavab verən əlil arabası
seçilərək gətirilib və ilkin sınaqları aparılıb. Bu məqsədlə ayrılmış işçilərin
nəzəri və praktiki təlimləri, məşqləri keçirilib.
Artıq ilkin əyani sınaq
da keçirilib. Könüllü olaraq, bu sınaqda iştirak edən Cəmilə Məmmədlinin
iştirakı ilə bütün proses əyani təşkil edilib. Əlil arabasının qarşılanması,
stansiyaya endirilməsi və qatarda mənzil başına çatdırılması prosesinin ilkin
sınaqları uğurla aparılıb. Hazırda əldə olunmuş nəticələrin təhlili, təkmilləşdirilməsi,
işçilərin təcrübəsinin artırılması üzərində işlər başlanılıb.
Bütün bunlar Bakı
metropoliteni tarixinin ən böyük sosial layihəsinin həyata keçirilməsində real
addımların atıldığını əyani nümayiş etdirir. Yaxın vaxtlarda layihənin istifadəyə
verilməsi ilə bağlı həlledici tədbirlərə başlanılacaq. Texniki məsələlərin əsas
qismi həllini tapdıqdan sonra layihə ictimaiyyətə geniş şəkildə təqdim olunacaq.
Qeyd edək ki, metrodan əlillərin
və fiziki imkanları məhdud istifadə etməsi məqsədilə silsilə addımlar atılır.
Buna qədər görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə
şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülüb və
ardıcıl olaraq genişləndirilir. Bu xüsusda Yaşıl və Qırmızı xətlərin son illərdə
təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat
istifadəsinə şərait yaradılması qeyd oluna bilər.
Məlumat üçün onu da əlavə
edək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin
"Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında fiziki
imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə
yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi
mümkün deyil.