XƏBƏR
15:00

  "Bu, vətənpərvərliyin yüksəldilməsi üçün böyük addımdır" – RƏY

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

“Prezident İlham Əliyevin yeni fərmanı ilə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsinin daha da genişləndirilməsi çox müsbət haldır. Hesab edirəm ki, fərman bu məsələ üzrə yaranmış problemlərin birdəfəlik həllini tapmasına səbəb olacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında “Cümhuriyət” qəzetinin baş redaktoru Rafael Becanov deyib.

O qeyd edib ki, bundan öncə də oxşar fərman verilmişdi. Amma müvafiq qurum tərəfindən bir nüans və yanaşma tərzi ortaya qoyulmuşdu:

“Biz daha öncə də qeyd edirdik ki, bu fərman bütün şəhid ailələrinə şamil olunmalıdır. Amma müvafiq qurum qeyd edirdi ki, əvvəl alanlar indi bu ödəməni ala bilməzlər. O zaman da həm ekspertlər, həm də mətbuat tərəfindən dəfələrlə deyilirdi ki, vaxtilə alınan birdəfəlik ödəmə ilə indi şəhid vərəsələrinə ödənilməsi nəzərdə tutulan məbləğ arasında çox ciddi və böyük fərq var. O vaxtkı 50 min manat indiki 11 min manatdan ciddi şəkildə fərqlənir. Nəhayət, yanvarın 28-də imzalanan fərmanla bütün şəhid vərəsələrinə, əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək.

Beləliklə, yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Bu, çox müsbət bir haldır. Eyni zamanda bu, vətənpərvərliyin yüksəldilməsi üçün atılmış böyük bir addımıdır. İnsanlar dövlət tərəfindən, dövlət başçısı tərəfindən qiymətləndirildiklərinin şahidi olurlar. Əmin olurlar ki, Vətəni müdafiə edərkən şəhid olanda, necə deyərlər, gözləri arxada qalmayacaq. Onlardan sonra nəyin baş verəcəyi, ailələrinin taleyinin necə olacağı, dövlət tərəfindən qayğı olub-olmayacağı kimi məsələlərin insanların şüurundan çıxması, vətənpərvərlik ruhunun yüksəlməsi baxımından bu fərman müstəsna əhəmiyyət kəsb edir. Biz cəmiyyət olaraq hər birimiz bu məsələni alqışlayır və hesab edirik ki, doğrudan da çox ciddi addımdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 29-da imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

 




  Yayım tarixi :30 Yanvar 2019   15:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .