Dövlət İmtahan Mərkəzi fevralın 10-da 2019-cu ilin qəbul
imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək.
Agyol.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, sınaq
imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə
qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər
qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.
Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək
aparılacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün
ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in
“Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir.
Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından
yararlanmaq olar.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat
linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə
sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan
səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları,
telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al”
düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan
binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və
"İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən
biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət
vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul
olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq
imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur.