24
yanvar tarixində kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və
iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur
və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının
ümumi iclası keçirilib.
Agyol.az xəbər verir ki, İqtisadiyyat
Nazirliyindən verilən məlumata görə, iclası işgüzar şuranın idarə
heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin
yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. Səməd Qurbanov
Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında
əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək
niyyətində olduğunu vurğulayıb.
İclas inzibati
məsələlərin müzakirəsi ilə davam edib. Səsvermə zamanı “Logistika”, “Qida
məhsulları və kənd təsərrüfatı”, “Sertifikatlaşdırma və gömrük proseduraları”
komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev
seçilib. Həmçinin Natiq Heydərov idarə heyətinin müavini seçilib.
Daha sonra
Azərbaycan-Rusiya İşgüzar Şurasının www.ards.az portalının yeni imkanlarının
təqdimatı keçirilib. İşgüzar şura haqqında ətraflı məlumatla yanaşı, portal
şura üzvlərinə “Şəxsi Kabinet” vasitəsilə geniş funksiyalar təqdim edir. Belə
ki, "Şəxsi kabinetdə” elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı
yerləşdiriləcək. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq
təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə
yaratmaq üçün “Maraqlı olduğunu bildirmək” funksiyasından istifadə edə
biləcəklər. Həmçinin "Şəxsi kabinetdə" şura üzvləri bildirişlər
alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura
biləcəklər.
İclasın yekun
hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr
planını müzakirə ediblər.