Agyol.az xəbər verir ki, Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya
İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin
yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
Hacı Zeynalabdin
Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub.
Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olarkən vəfat
edib. 10 yaşında ikən atası onu bənnanın yanına usta köməkçisi düzəldir.
Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayır. Bir müddət sonra tikinti
ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Sonradan o, özünü ticarətdə və
yüngül sənayedə də sınayır və hər ikisində qabiliyyəti ilə uğur qazanır.
1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman
aləmində tanınan milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin
hamısı özünə fəxri sədr seçib.
H.Z.Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub,
Bibiheybətdə icarəyə yer götürür, neft quyusu qazır. Xeyli prosesdən sonra, nəhayət,
quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin
milyonçu Tağıyev kimi tanınır. Üç il ərzində şəhərin mərkəzində böyük saray
tikdirir.
H.Z.Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm
fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında
böyük meşələrin sahibi olub. İranın Ənzəli və Rəşt ərazisində də milyonçunun
meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən
Moskvada dördmərtəbəli iri sarayı, İranda karvansarayları var idi.
Milyonçu Xəzərin sahillərində uzunluğu 300 kilometr
olan torpaq sahəsi alıb, vətəgə salmışdı. Kür qırağındakı vətəgələri isə dövlətdən
icarəyə götürmüşdü.
H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf
edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə
qızlar məktəbi idi.
Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri
də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.
Sovet hakimiyyətinin Azərbaycanı işğal etdiyi vaxt Nəriman
Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O, əlindən
alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.
H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat
edib.