XƏBƏR
16:25

  Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir.

 

Agyol.az xəbər verir ki, bunu yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşündə deyib.

 

İlham Əliyev bildirib ki, aqrar sahə Azərbaycan üçün strateji sahədir: “Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.

 

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır - istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq”.

 

Prezident vurğulayıb ki, tərəvəzçilik bizim kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir:

 

“Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir”.




  Yayım tarixi :24 Yanvar 2019   16:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .