Ali təhsil biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının mühüm
inkişaf amilidir, magistratura isə ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı,
sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji
kadrların hazırlığını təmin etməyi nəzərdə tutur.
Agyol.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM)
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının bu il üçün
ilk nömrəsinə yazdığı “Ön söz”də bildirib.
Şura sədri deyib ki, hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları
magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin
və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas
kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə
imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi
təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması və
ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları,
ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar
hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər:
"DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin
iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında
istifadə edilmiş test tapşırıqlarının elmi-metodik təhlili aparılmış, növbəti tədris
ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilmiş, qəbul imtahanı
üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər
görülmüş, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli
hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və
xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodik materiallar
işlənib hazırlanmışdır. Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan
zaman DİM tərəfindən hazırlanmış “Məntiq testləri” və “İnformatika” adlı vəsaitlərdən
istifadə edə bilərlər".
M.Abbaszadə bildirib ki, DİM qəbul imtahanlarının məzmunu ilə bərabər,
qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır:
"Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq
təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin
elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər
görülür".
Qeyd edək ki, magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə
keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və
informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci
mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarında
həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqlarından istifadə
olunacaq. Hər bir xarici dil üzrə test blokuna ilk dəfə olaraq dinləyib-anlama
üzrə bir audiomətn əsasında qapalı formalı beş test tapşırığı da daxil ediləcək.
Qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə həmin audiomətnlərin
və onların əsasında tərtib olunmuş tapşırıqların nümunələri artıq xeyli vaxtdır
ki, DİM-in internet saytında (http://dim.gov.az/news/2691/) yerləşdirilib.
Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri
DİM tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə
iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas
üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması,
bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət
imtahanı vasitəsi ilə yoxlanılacaqdır. Müsabiqə və yerləşdirmə bakalavrların
topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi)
əsasında həyata keçiriləcək.
“Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər,
məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları,
həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri
təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər
üzrə test modelləri, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə
qəbul imtahanı proqramları və digər materiallar isə jurnalın növbəti saylarında
dərc olunacaq.