XƏBƏR
00:08

  Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır

Gündəm

Xəbər lenti

Bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır.

Agyol.az xəbər verir ki, , bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı müxbirin “Beləliklə, cənab Prezident, iqtisadi gücün və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının Sizə bu problemin həllində kömək edəcəyinə inanırsınızmı?” sualına cavabında bildirib:

“Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi desəm görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza olmur. Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik”.

İlham Əliyev əlavə edib ki, bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir: “Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik.

Düşünürəm ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün bayaq da qeyd etdiyim kimi, biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır”.

 


Azərbaycan Prezidenti: Bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır


Bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, neft və qaz Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsidir: “Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Lakin, eyni zamanda, son illərdə biz əsasən infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təxminən 250 milyon dollar həcmində”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Dünya Bankının “Doing Business” reytinqində 25-ci yerdədir: “Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq. Biz Azərbaycana və onun sərhədlərindən kənara sərmayə yatırmışıq. İlkin olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq. Buna görə biz əsasən elektrik enerjisinin istehsalına sərmayə yatırdıq və elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildik və bundan çoxlu qazanc götürmüşük. Biz ölkə daxilində qazlaşdırma səviyyəsini 95 faizə qədər artırdıq. Bu da, zənnimcə, çox yaxşı nəticədir. Biz əsasən yol tikintisinə sərmayə yatırmışıq və Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, bizim yollarımız keyfiyyətinə görə dünyada 34-cü yerdədir”.

Prezident əlavə edib ki, həmçinin suyun təmizlənməsi və irriqasiya sahəsində çoxlu işlər görülüb: “Eyni zamanda, biz infrastrukturumuza sərmayə yatırdıq ki, bu da bizə çoxlu yükləri cəlb etməyə və bir hab yaratmağa imkan verəcək. Bizim dəmir yollarımız, altı beynəlxalq hava limanımız var, bizə 15 milyon tondan 25 milyon tona qədər yük daşımağa imkan verəcək yeni Ələt Ticarət Limanımız var. Bütün növ gəmiləri istehsal etməyə və Xəzər dənizində yük daşımalarını artırmağa, eyni zamanda, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrimizi yaratmağa imkan verəcək yeni Gəmiqayırma zavodumuz var. 2017-ci ildə biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu dəmir yolu Azərbaycan və Avropa, eləcə də Avropa və Asiya arasında çatışmayan bir bağlantı idi. Hazırda bu dəmir yolu fəaliyyət göstərir və biz yüklərin artımını görürük. İnfrastruktur bizə çoxlu yükləri cəlb etməyə və bir çox ölkələr arasında yeni vacib bağlantı yaratmağa kömək edir.

Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq”.

Qısamüddətli faydalara gəldikdə, Azərbaycan Prezidenti deyib ki, nisbətən qısa müddət ərzində xeyli gəlir gətirən çoxlu layihələrimiz var:

“Biz investisiyaların cəlb edilməsi mexanizmini yaradırıq, eyni zamanda, özəl sektorumuza çox aşağı faiz dərəcəsi ilə kreditlər ayırırıq ki, onlar da tezliklə gəlir gətirəcək sahələrə investisiya yatıra bilsinlər. Məsələn, kənd təsərrüfatı, kiçik və orta biznes kimi sahələr. Biz bunu qısamüddətli gəlir götürmək üçün edirik. Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır”.

 




  Yayım tarixi :23 Yanvar 2019   00:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .