XƏBƏR
23:58

  Prezident İlham Əliyev: Azərbaycan ərazilərinin işğalına son qoyulsa, regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı

Gündəm

Xəbər lenti

Azərbaycan ərazilərinin işğalına son qoyulsa, regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.

Agyol.az xəbər verir ki, məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı müxbirin “Əlaqəlilik, infrastruktur, daha yaxşı mühitin qurulması və iqtisadiyyatın insanlarla alyansı Sizə bu problemi çözmək üçün fürsət tapmağa imkan verəcəkmi?” sualına cavabında qeyd edib:

“Mən əminəm ki, bu, bizim iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır”.

İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur:

“Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.

 

Prezident İlham Əliyev: Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir


Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, aparıcı ölkələrlə, aparıcı iqtisadiyyatları, dünya gündəmini müəyyən edən ölkələrlə, beynəlxalq sülh və təhlükəsizliyin asılı olduğu siyasət yürüdən ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilib: “Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.

İlham Əliyev əlavə edib: “Daxili və iqtisadi siyasət baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həllinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes dairələri, investorlarla qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq. Biz demək olar ki, 250 milyard dollar həcmində investisiya cəlb etdik.

Düşünürəm ki, ölkələrlə, qonşularımızla, tərəfdaşlarımızla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən biri odur ki, biz həmişə işimizə sadiq olmuşuq. Bəzən bizim tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər. Lakin onlar həmişə bilirlər ki, biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir. Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müəyyən çətinliklərdən fayda götürməkdən daha çoxuna nail oluruq. Buna görə düşünürəm ki, Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik”.

Azərbaycan Prezidenti dünyanın, regionun dəyişdiyini, bir çox hadisələrin baş verdiyini vurğulayıb: “Siz onları beş il əvvəl heç təsəvvür edə bilməzdiniz. Buna görə, hesab edirəm ki, hər bir lider hadisələri izləməlidir və baş verənlərə hər zaman diqqətli olmalıdır. Biz bir və ya iki ildən sonra dünyada nəyin baş verəcəyini bilmirik. Lakin bugünkü geosiyasi mühitə gəldikdə, fikrimcə, biz həmin mühitdə öz yerimizdə qərarlaşmışıq və bu mövqe bizi qane edir. Beynəlxalq siyasət nöqteyi-nəzərindən, əsas məqsədimiz elə bir xarici siyasətdən ibarətdir ki, onun ölkənin daxili vəziyyətinə müsbət təsiri olsun, bütün növ riskləri azaltsın. Zənnimcə, biz buna nail olmuşuq, çünki Azərbaycanda insanlar dinc şəraitdə yaşayır və ölkə sabitdir. Biz gələcəkdə nəyin olacağını bilmirik.

Xarici siyasətin və mühitin bizə təsir göstərməsi baxımından düşünürəm ki, bu gün malik olduğumuz yetərlidir. Siz hər zaman daha yaxşı hal üzərində fikirləşə bilərsiniz. Hər zaman, hesab edə bilərsiniz ki, beynəlxalq vəziyyət sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən çalışmalısınız. Əgər siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək. Hazırda fikirləşirəm ki, ətrafımızda formalaşan beynəlxalq vəziyyət pisləşməsin. Bu, məni narahat edir. Əgər o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırsaq, töhfə versək, lap yaxşı. Lakin əgər bu, baş verməsə, onda bu gün olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünki Azərbaycan üçün bu günün beynəlxalq mühiti, fikrimcə, ən münasibdir və ən yaxşısıdır. O, bizə daxili məsələlərə, hələ də mövcud olan daxili problemlərə, onların dinc şəkildə həllinə diqqəti yönəltməyə imkan verir. Sizin müxtəlif ölkələrlə çətinlikləriniz, anlaşılmazlıq, toqquşmalar, qarşıdurmalar olanda, bu, sizin diqqətinizi başqa istiqamətə çəkir və sizə daxili məsələlərinizlə daha çox məşğul olmağa imkan vermir. Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu günə qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini gələcəyin özü göstərəcək”.

 

Azərbaycan Prezidenti: Biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik


Biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir: “Azərbaycanın bu təşəbbüsünün və layihənin çox fəal üzvünə çevrilməsi üçün biz əlimizdən gələni etmək istəyirik. Fikrimizcə, biz nəqliyyat şəbəkəsini Avropaya qədər uzatmışıq və Bakı-Tbilisi-Qars dəmir yolunu çəkməklə xətləri birləşdirdik. Lakin Çindən Avropaya doğru başlayan daşımaların çox sayda istiqamətləri var. Buna görə, biz bu prosesdə daha yaxından iştirak etmək arzusundayıq. Bu məqsədlə, əlbəttə ki, Mərkəzi Asiyada, Gürcüstanda, Türkiyədə və Avropadakı tərəfdaşlarımızla işləyirik. Təbii ki, əsas məqsədimiz Çindən yükləri qəbul etməkdən və onların daşınmasını təmin etməkdən ibarətdir. Azərbaycan daxilində hər şey hazırdır. Hazırda Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Bu, əsasən, tankerlər və digər yük gəmiləridir. Onlar Şərqdən Qərbə və geriyə malları daşıyırlar. Əlbəttə ki, daha çox Çin şirkətlərinin Azərbaycanda işlədiyini, ölkəmizə sərmayə qoyduğunu, yeni imkanlar tapdıqlarını görmək istərdik. Beləliklə, “Bir kəmər, bir yol” bizim üçün həqiqətən çox əhəmiyyətli layihədir. Biz onu qəti şəkildə dəstəkləyirik və onun çatışmayan hissəsinin yaradılmasına töhfə vermişik”.

İlham Əliyev bildirib ki, əvvəllər Bakıdan başlayan və Türkiyəyə gedən dəmir yolu əlaqəsi yox idi və Asiyadan gələn yüklər Azərbaycan üzərindən Gürcüstanın Qara dənizdəki limanına daşınırdı: “Türkiyəyə dəmir yolunun çəkilməsi ilə yüklər artıq Aralıq dənizinin sahilinə çatdırılır və eyni zamanda, dəmir yolu ilə birbaşa Avropaya daşınır. Buna görə, o, xərclərə qənaət, vaxt baxımından sürətli daşınma və bizim üçün daha çox gəlirin əldə olunması deməkdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin sonunda açıldı. Bakının dəniz limanı ərazisində böyük mərasim təşkil edilmişdi və biz birinci yükü yola saldıq. Yeri gəlmişkən, biz, həmçinin Çindən yükləri artıq qəbul etməyə başlamışıq”.

Prezident vurğulayıb ki, Azərbaycanın başlatdığı və ya qoşulduğu bütün layihələr bizim tərəfdən tamamlanıb: “Azərbaycandan Aralıq dənizinə boru kəmərinin çəkilməsi haqqında düşünməyə başlayanda bizim də ətrafımızda çox skeptik yanaşma müşahidə olunurdu. Bunun mümkünsüz olacağı, heç zaman baş verməyəcəyi ilə bağlı çoxsaylı spekulyasiya, təhlillər və məqalələr oldu. Lakin bu, baş verdi. Onlardan bəziləri, sadəcə, informasiyanın çatışmadığı, mümkünsüz görünən bu layihəni icra etməkdə qətiyyətimiz barədə məlumatın olmaması ilə bağlı idi. 2000-ci ilin əvvəlində həmin layihəni başladığımız zaman Azərbaycan bu gün olduğu qədər güclü deyildi. O vaxt biz xarici maliyyə dəstəyindən çox asılı idik. Skeptik ideyaların çox böyük qismi qeyri-ədalətli yarışma cəhdləri ilə bağlı idi. Mən bunu bu cür diplomatik formada təsvir edirəm. Buna görə, biz cavab tədbiri görmədik. Biz bildirdik ki, görəcəyimiz işlə cavab verəcəyik. Biz nəticələrlə cavab verməli idik. Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında uzunluğu təxminən 2 min kilometr olan boru kəməri çəkildikdən sonra hamı gördü ki, biz skeptik düşüncəni darmadağın etdik”.

Dövlət başçısı bildirib ki, eyni yanaşma, daha böyük layihə olan Cənub Qaz Dəhlizində müşahidə olundu: “Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard ABŞ dolları olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürəkkəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, bunu edəcəyik. İndi, demək olar ki, həmin layihə tamamlanmaq üzrədir. Buna görə, biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik. Bundan fərəhlənə bilərik. Hazırda isə həmin layihəyə skeptik yanaşanların səsini artıq eşitmirik”.

İlham Əliyev əlavə edib: “Bu yaxınlarda biz Çin vətəndaşları üçün viza məhdudiyyətlərini aradan qaldırmışıq. Hazırda Azərbaycana səfər etmək istəyən hər kəs öz evindəki kompüter vasitəsilə maksimum üç gün və hətta bəzən bir neçə saat ərzində elektron viza ala bilər. Bu, tərəfdaşlığımızın təzahürü olaraq, Çin vətəndaşlarının ölkəmizə səfərləri üçün daha yaxşı imkanların yaradılmasına görə edilmişdir. Ticarətimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik. Artıq yaxşı nəticələrimiz var. Biz Çində Azərbaycan şərabları evlərini açmışıq. Biri Şanxaydadır, digəri isə başqa şəhərdədir. Çində təşkil olunan böyük sərgilərdə dövri olaraq öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxışı əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır. Artıq söylədiyim kimi, biz onları daha çox sərmayədar, ticarət aparan tərəf, podratçı kimi görmək istərdik. İşləyəcəyimiz daha çox sahələr var. Əlbəttə ki, Azərbaycanda, həmçinin onun enerji sektorunda işləyən Çin şirkətləri var. Lakin hesab edirəm ki, bu, istədiyimiz qədər deyil. Bu, xüsusən də podratçı və ticari layihələrə aiddir. Fikrimcə, biz bunu birgə etməliyik və bizim üçün bu, əsas prioritetlərdən biridir. Biz bu yaxınlarda ticarət nümayəndəliklərini yaratmağa başlamışıq. Azərbaycanın ilk ticarət nümayəndəliklərindən biri Çində açıldı. Bütün bunlar ticarət sahəsində güclü tərəfdaşlığı qurmaqda, insanlar arasında təmasların yaradılmasında iradəmizi nümayiş etdirir. Bu isə, avtomatik olaraq, həyatımızın bütün başqa sahələrinə müsbət təsir göstərəcək”.

 




  Yayım tarixi :22 Yanvar 2019   23:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .