"Neftçi”
PFK ilə Türkiyənin "Bursaspor” klubu arasında əməkdaşlıq protokolu
imzalanıb.
Agyol.az-ın məlumatına
görə, imzalanma mərasimində "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev,
vitse-prezident Elnur Eyvazov, "Bursaspor”un prezidenti Ali Ay,
vitse-prezident Cem Öztürk iştirak ediblər.
Tədbirə
"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Rüstəm Allahverdiyev, həmçinin "Bursaspor”un İdarə
Heyətinin üzvləri – Erkan Aydemir, Onur Özselek və Ömer Faruk Şahin də
qatılıblar.
"Bursaspor”un
prezidenti A.Ay bu əməkdaşlığın uğurlu olmasını arzulayıb: "Neftçi"
Azərbaycanın köklü və titullu klubudur. Bunadək əməkdaşlıq protokolu ilə bağlı
danışıqlar aparırdıq. Bu gün isə həmin protokolu bağlamaq üçün bir araya
gəlmişik. "Neftçi” rəhbərliyi "Fənərbağça” ilə Superliqa oyununda
qonağımız oldu. Stadionumuzu, xüsusilə də "Goldsit 1963” tribunamızı çox
bəyəndilər. Təkcə idman deyil, bir çox məsələlərdə də əməkdaşlıq edəcəyik.
Reklam, marketinq, media, mağaza və seleksiya məsələlərində də fikir mübadiləsi
aparıb işlər görəcəyik. Bir-birimizə faydalı olacağıq”.
Sonra "Neftçi”
PFK-nın prezidenti K.Quliyev "Bursaspor”un rəhbərliyinə və İdarə Heyətinin
üzvlərinə təşəkkür edib: "Bizim üçün qürurverici andır. Belə bir klubda
sizinlə əməkdaşlıq edəcəyimiz üçün şadıq. Qardaş ölkədən gəlmişik. Azərbaycanın
ən böyük və ən köklü klubuyuq. Müstəqillik dönəmində 8 dəfə çempionluq sevinci
yaşamışıq. Dünən "Bursaspor”un oyununu izlədik. Möhtəşəm stadiona və
azarkeşlərə maliksiniz. Sizdən öyrənməli çox şey var. Əlaqələrimiz davam
edəcək. Gələcəkdə də birlikdə işlər görəcəyik. Sizi Bakıda görmək istərdik”.