XƏBƏR
10:11

  Azərbaycanın milli mətbəxi və geyimləri Küveytdə beynəlxalq festivalda nümayiş edilib

Gündəm

Xəbər lenti

Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının, bu ölkənin Neft Şirkətinin və “Əl-Əhmədi” qubernatorluğunun birgə təşkilatçılığı ilə Əl-Küveyt şəhərində keçirilən “25-ci Mədəniyyət Festivalı” çərçivəsində beynəlxalq kulinariya festivalı təşkil edilib. 19 səfirlik və 30-a yaxın yerli təşkilatın və müəssisənin iştirak etdiyi bu festivala Azərbaycanın Küveytdəki Səfirliyi də qatılıb.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, festivalda iştirak edən səfirliklərə öz ölkələrinin milli mətbəxinin yeməkləri, habelə ölkələri haqqında materialların təqdim edilməsi üçün masa və stendlər ayrılıb. Ölkəmiz üçün ayrılan masa və stenddə milli mətbəximizin yeməkləri və şirniyyatları, eyni zamanda, ölkəmizin mədəniyyəti və turizm imkanlarını əks etdirən kitab, buklet, broşür, habelə suvenirlər, milli geyimlər nümayiş etdirilib. Azərbaycanın ən məşhur yerlərini, füsunkar təbiətini özündə əks etdirən fotostendlərlə yanaşı, səfirliyin təşəbbüsü ilə Ərəb turizm təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer tərəfindən hazırlanan Azərbaycanın interaktiv turizm xəritəsi nümayiş etdirilib, bir sıra Azərbaycan məhsulları təqdim olunub.

 

Bildirilib ki, festival ziyarətçilərinə səfirliyin əməkdaşları və ailə üzvləri, həmçinin “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri tərəfindən milli mətbəximizin nümunələri, həmçinin milli mətbəximiz haqqında kitab, broşür və s. təqdim edilib. Həmçinin ziyarətçilərə ölkəmizin məşhur turizm istiqamətləri, turizm potensialı və görməli yerləri haqqında məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Tədbir zamanı Əl-Əhmədi bölgəsinin qubernatoru Şeyx Fəvaz Əl-Xalid Əl-Həməd Əl-Sabah və Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının baş katibi Əli Əl-Yuha iştirakçı səfirliklərin masa və stendləri ilə tanış olublar.

 

Tədbir barədə yerli KİV-də geniş məlumatlar dərc edilib.




  Yayım tarixi :22 Yanvar 2019   10:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .