Nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də bizim
Prezidentimiz heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş
verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir.
Agyol.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
bu fikirləri ölkəmizin Moskvadakı səfirliyində "Qara yanvar"ın 29-cu
ildönümünə həsr edilmiş tədbirdə səsləndirib.
"Biz bugünkü demokratik Rusiyanı Sovet İttifaqı ilə eyniləşdirmirik.
Çünki insanlar var ki, məsələni bu istiqamətə yönəltmək istəyirlər.
Lakin mən yenə də qeyd etmək istəyirəm ki, nə Azərbaycan xalqı, nə
Azərbaycan hökuməti, nə də bizim Prezidentimiz heç vaxt Sovet
İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik
Rusiya ilə eyniləşdirmir", - deyə səfir bildirib.
O, Azərbaycan xalqının şəhidlərini heç zaman unutmayacağını qeyd
edərək deyib: "Mən bütün bu hadisəni yenidən danışmaq istəmirəm. Siz çox
yaxşı bilirsiniz ki, dinc əhaliyə silahlardan necə atəş açıblar,
pəncərələrə güllə atıblar, heç bir günahı olmayan insanları atəşə
tutublar".
Polad Bülbüloğlu Bakıda baş verən qanlı yanvar hadisələrindən sonra
Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasətçi Heydər Əliyevin ailə
üzvləri ilə birlikdə yanvarın 21-də Azərbaycan səfirliyinin indiki
binasına gələrək baş verən hadisələrə özünün qəti etirazını
bildirməsindən danışıb. Səfir deyib: "Bilirsiniz ki, o vaxt baş
verənləri nəzərə alsaq, bu, xüsusi binadır. Çünki yanvarın 21-də
Azərbaycan xalqının dahi oğlu bu binaya gəlmişdi. Ciddi totalitar rejim
şəraitində Heydər Əliyev özündə cəsarət taparaq buraya gəlib, törədilən
cinayəti pisləyib. Mən burada çoxlu gənclər görürəm. Həmin şəraiti
təsəvvür etmək onlar üçün çox çətindir. O vaxt Sovet İttifaqında ali
rəhbərliyin ünvanına kiminsə bir kəlmə belə deməyə cürəti çatmırdı. Bunu
ilk dəfə Heydər Əliyev məhz bu binada etdi. Buna görə də biz bu gözəl
barelyefi qurmuşuq və bu, Azərbaycan liderinin həmin cəsarətli addımını
bizə xatırladır. Mən fikirləşirəm ki, məhz bu hərəkəti Heydər Əliyevin
yeni siyasi karyerasında ilk addım oldu və üç ildən sonra Azərbaycan
Respublikasının Prezidenti seçildi. Praktik olaraq, ona dağıdılmış ölkə
miras qalmışdı. Bu gün isə dünyanın siyasi xəritəsində öz layiqli yerini
tutan Azərbaycanımız var".
P.Bülbüloğlu, həmçinin həmin gecə xalq cəbhəsinin o vaxtkı
liderlərindən, respublika rəhbərlərindən heç birinin zərər çəkmədiyini
qeyd edib. "Bakının dinc sakinləri ziyan çəkmişdilər. Bu, çox dəhşətli,
başa düşülməyən, təsəvvüredilməz idi. Çünki ölkə öz vətəndaşlarını tank
altında qoyursa, bu, o deməkdir ki, bu cür ölkədə yaşamaq olmaz! Yəqin
bu səbəbdən də çox keçmədən Sovet İttifaqı dağıldı. İnsanlar başa
düşürdülər ki, belə ölkədə yaşamaq mümkün deyil. Bakıda insanların öz
partiya biletlərini küçələrdə qalanmış tonqallara atması,
azərbaycanlıların binaların divarlarında yazdıqları şüarlar mənim
yadımdadır. Yəni insanlar ayılmışdı, millət ayılmışdı və başa düşürdü
ki, çox ciddi dəyişikliklər baş verməlidir", - deyə səfir sonda
bildirib.