Türkiyənin İstanbul Universitetində 20 Yanvar
hadisələrinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.
Agyol.az-in məlumatına görə, “Qanla
qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı” adlı konfrans İstanbul
Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və “Hazarfem”
Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın İstanbuldakı konsulluğunun
nümayəndələri, siyasət, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.
Konfransda əvvəlcə hər iki qardaş ölkənin
şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri
səsləndirilib. Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin
başqanı Rəşid Həsən Mustafazadə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan
tarixinin kədərli səhifəsi, eyni zamanda, qəhrəmanlıq dastanı olduğunu dilə
gətirib.
“Hazarfem” Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin
rəhbəri Nuran Acar, Qanlı Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin türk
xalqının qəlbində daim yaşayacağını bildirib.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının
üzvü, professor Aygün Attarın mövzu ilə əlaqədar məruzəsi dinlənilib. A.Attar çıxışında
iştirakçıları 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə təfərrüatlı
şəkildə bilgiləndirib. O qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycanın
müstəqillik yolunda əsl dönüş nöqtəsi rolunu oynayıb. Tədbirdə A.Attarın
müəllifi olduğu, erməni vəhşiliklərini ifşa edən "Erməniçilik müasir
dövrün problemi kimi” kitabı haqqında məlumat verilib.
Daha sonra konfrans iştirakçılarını maraqlandıran
suallar cavablandırılıb.
İstanbul Universitetində ilk dəfə olaraq
fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək
vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici
tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə
tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin
əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.
Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla
yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk
Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti
sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.