XƏBƏR
21:01

  Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd etmişdi ki, indi struktur islahatı gözlənilir: “Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”. Qeyd edək ki, Prezidentin müvafiq fərmanları ilə həyata keçirilən struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılmasını, dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılmasını nəzərdə tutur. Prezident dünən dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilib və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək. Nazirlər Kabineti Prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Fərmanda nəzərdə tutulan komissiyalara və Tarif (qiymət) Şurasına tapşırılıb ki, müvafiq işçi qrup və katiblikləri həmin komissiyaların və Tarif (qiymət) Şurasının üzvlərinin təmsil etdikləri dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibdə formalaşdırsın, onların əsasnamələrini təsdiq etsin və bu barədə bir ay müddətində Prezidentə məlumat versin.




  Yayım tarixi :14 Yanvar 2019   21:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .