XƏBƏR
13:20

  Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəfat edib

Gündəm

Xəbər lenti

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.

Agyol.az xəbər verir ki, Qurumdan verilən məlumata görə, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.

Qeyd edək ki, Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb, sonra kapitan vəzifəsinədək yüksəlib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-1996-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə “Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

23 sentyabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.

“Donanmanın fəxri işçisi” olan Ç.Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, dövlət başçısının 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə medalı ilə təltif edilib.

17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Ç.Əliyev ölkənin ictimai həyatında da yaxından iştirak edirdi.

Allah rəhmət eləsin!

 




  Yayım tarixi :07 Yanvar 2019   13:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .