XƏBƏR
15:58

  Siyavuş Novruzov: Hər bir azərbaycanlının Prezidenti kimi xalqın rifahı hər zaman İlham Əliyev sosial siyasətinin ana xətti, qayəsi olub

Gündəm

Xəbər lenti

Tərəqqi anlayışı mahiyyət etibarı ilə permanent xarakteri daşıdığı üçün yalnız ardıcıllıq təmin edildiyi halda həqiqi inkişafdan danışa bilərik. Azərbaycan Respublikasının Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan inkişaf modelinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən artıq uzun illərdir uğurla davam etdirilməsi tarixilik baxımından fenomenal bir hadisə, politoloji baxımdan geniş və əhatəli araşdırma predmetidir.

Bu baxımdan geridə qoyduğumuz 2018-ci il də istisna olmamışdır. Cənab Prezident 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində ötən ilin uğurlarının məzmununu bu şəkildə ifadə edir: “Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan "Cənub Qaz Dəhlizi”nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommunikasiya peyki "Azerspace-2”nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür”.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində cənab İlham Əliyev Azərbaycanı bugünkü yüksəliş və inkişaf yoluna, tariximizin ən qüdrətli mərhələsinə gətirib çıxara bilib.

Azərbaycan xalqının Prezident İlham Əliyevə dərin məhəbbətinin, sarsılmaz inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət rəhbərinə xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə yaşatmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına istinad edir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci ilin 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin hazırlamış, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirmişdir. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsiylə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.

Bu gün hamımız fəxarət hissi ilə qeyd edirik ki, dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə layiqincə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Dövlət başçısı ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən ildə də inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Habelə, ötən ildə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır” deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

Hər bir azərbaycanlının Prezidenti kimi xalqın rifahı hər zaman İlham Əliyev sosial siyasətinin ana xətti, qayəsi olmuşdur. Bu baxımdan əlamətdardır ki, Azərbaycanın beynəlxalq hesabatda "Vergilərin ödənişi” göstəricisi üzrə 7 pillə irəliləyərək 28-ci pillədə qərarlaşması da bu sahədə həyata keçirilən uğurlu islahatların nəticəsidir. Yeri gəlmişkən, 2019-cu il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əlavə və dəyişikliklər Azərbaycanda biznes mühitinin sağlamlaşdırılmasına hesablanmışdır. Məsələn, məcəlləyə edilən dəyişikliklə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8.000 manata qədər artırılmışdır. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulmuşdur. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsait sahibkarların və vətəndaşların sərəncamında qalacaqdır.

Azərbaycanın qarşısında duran ən mürəkkəb problem heç şübhəsiz, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsidir. Lakin ötən il Azərbaycanın Ermənistana qarşı uğurla tətbiq etdiyi “iqtisadi izolyasiya” siyasəti nəticəsində bu ölkədə ciddi sosial-siyasi kataklizmlər baş vermiş, hakimiyyət dəyişikliyi olmuşdur. Paralel olaraq Azərbaycanın silahlı qüvvələrinin döyüş potensialı daha da artmış, ordumuz dünyanın ən güclü orduları sırasında ön cərgələrə çıxmışdır. Bütün bunlara baxmayaraq dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları Qarabağ uğrunda səfərbər olmalı, öz potensialını bu istiqamətdə yönəltməlidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldilməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər”

Habelə, başa vurmaqda olduğumuz ilin əlamətdar hadisələrindən biri də daim milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində, ölkə miqyasında və diplomatik nümayəndəliklərimizin yer aldığı xarici ölkələrdə geniş və təntənəli şəkildə qeyd edilməsi oldu. Bu barədə dövlət başçımız belə deyir: “2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaqdır. Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir”.

Yekunda qürur hissi ilə qeyd etmək istərdim ki, inkişafa xidmət edən islahatların reallaşdırılmasında Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, ölkəsinin taleyini cənab İlham Əliyevə etibar etmiş vətəndaşlarımızdan gəlir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahlara doğru aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir. Biz də öz növbəmizdə görkəmli dövlət xadimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, gərgin və şərəfli fəliyyətində böyük uğurlar arzulayırıq.

Siyavuş Novruzov,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini

 




  Yayım tarixi :28 Dekabr 2018   15:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .