XƏBƏR
15:28

  Prezident birinci xanımla “Bakı Ağ Şəhər”ə getdi

Gündəm

Xəbər lenti

Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.


Dövlət başçısı əvvəlcə “Ağ Şəhər-2” yarımstansiyasının açılışını edib.

“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlət başçısına məlumat verib ki, “Ağ Şəhər” layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə tə0chiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. “Ağ Şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyuluş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq 4, 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Artıq 110/35/10 kilovoltluq 100 meqavoltamper gücündə “Ağ Şəhər-2” yarımstansiyasının inşası yekunlaşıb.

“Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. “Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.


Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə salıb.

Dövlət başçısına məlumat verilib ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.


Sonra Birinci Fəvvarələr küçəsinin açılışı olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezidentə məlumat verib ki, yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materiallarından yol geyiminin əsası inşa olunub. Ümumilikdə, 2018-ci ildə 550 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzində 400 min kubmetr yararlı karxana materiallarından istifadə edilib. “Bakı Ağ Şəhər”in ərazisində layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilib. Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl Ada, İkinci Yaşıl Ada, Altıncı Park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görülüb, 36 min kvadratmetr sahəyə asfalt-beton döşənib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, 150 işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növ 240 ağac əkilib.


Prezident İlham Əliyev Birinci Fəvvarələr küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.

“Ağ Şəhər” yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl Ada və Fəvvarələr Meydanı kvartallarını kəsir və şimalda Mərkəzi Bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır. Dördzolaqlı Birinci Fəvvarələr küçəsində digər küçələrdə olduğu kimi, avtodayanacaq və piyadaların təhlükəsizliyi də nəzərə alınıb. Burada layihəyə uyğun olaraq yolaltı infrastruktur işləri – çirkab və yağış suları kollektorları, elektrik xətləri, qaz təminatı boruları və İT kanal sistemləri çəkilib. Küçənin adı səkilərdə daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yol göstəriciləri quraşdırılıb. Səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Yeddimərtəbəli binaları əhatə edən küçənin Nobel prospektinə birləşən 90 metrlik hissəsində istinad divarı tikilib.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə də tanış olublar.

“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına məlumat verib ki, təməli 2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş Fəvvarələr Meydanı Parkı piyada keçidi və 800 yerlik ictimai parkinq kompleksinin bir hissəsidir. Tikintisi əsasən başa çatmış Fəvvarələr Meydanı kvartalının mərkəzində yerləşən parkda geniş istirahət zonaları, üç fəvvarə kompleksi, uşaqların təhlükəsiz əyləncəsi üçün geniş meydança, gözəl landşaft dizaynı mövcuddur. “Bakı Ağ Şəhər”in hər bir guşəsində olduğu kimi, burada da klassika, müasirlik və qarışıq üslub, müxtəlif nou-haular, hay-teklər, tikinti materiallarının incə zövqlə seçimi, özünəməxsus memarlıq elementləri, ritmiklik, zəriflik, funksionallıq, konstruktivlik, elmi-texniki yeniliklərin tətbiqi, hər addımda nəfis ideyalar və bir-birindən üstün çalarların yer alması özünü qabarıq göstərir. Parkın bəzi hissələri “Qara Şəhər”in keçmiş tikililərindən qalma daşlarla döşənib. Parkda “Ağ Şəhər” layihəsi və ərazinin tarixi olan “Qara Şəhər” haqda məlumatlandırıcı lövhələr, küçə saatı, termometr, xatirə medalyonu quraşdırılıb. Burada 2018-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Daşın nəğməsi" üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində təqdim edilmiş heykəl qoyulub. Fəvvarələr Meydanı Parkı və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən körpü vasitəsilə birbaşa Ağ Şəhər bulvarına qədər 2 kilometrlik maneəsiz gəzintiyə çıxa biləcəklər. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə metronun “Ağ Şəhər” stansiyasına rahat gediş-gəliş əldə edəcəklər. Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda “Baku City Mall” alış-veriş mərkəzinə, şimalda Fəvvarələr Meydanının mərkəzinə, Birinci Fəvvarələr küçəsinə, körpünün alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq.


Dövlət başçısına ötən illərdə “Ağ Şəhər”də həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Qeyd olunub ki, “Bakı Ağ Şəhər” layihəsi ərazisində Xəzər dənizindən 25 metr hündürlükdə yerləşən Park rayonunda da inşaat işləri davam edir. Burada tikilən iyirmimərtəbəli yaşayış binalarının hündür podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları olacaq. Hazırda burada tikinti, quruculuq və abadlıq işləri aparılır. Nizami parkının yaxınlığında bu rayonda “Knightsbridge (Naytsbric) Residence” kompleksinin tikintisi davam edir. Bu kompleksdə yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi planlaşdırılıb. Parkın rayon sakinlərinə təhvili 2019-cu ilin sonunda gözlənilir.

Babək prospektindən başlayan yeni Mərkəzi Şərq küçəsi Babək kvartalını iki hissəyə bölür. Eni 37, uzunluğu 470 metr olan Mərkəzi Şərq küçəsində yerləşəcək yeni Qarabağ Atları Meydanının layihəsi hazırdır. Kvartalın mərkəzinə çevriləcək meydanda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılacaq, burada mağazalar, kafelər və mərkəzində 7 atdan ibarət fəvvarələr kompleksi inşa olunacaq.

2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı çərçivəsində layihənin qərbində yerləşən 26,7 hektar xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyələri əsasında inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu “Ağ Şəhər” layihəsi ilə uzlaşdırılıb və müfəssəl planı hazırlanıb. Bununla yanaşı, inşa olunacaq çoxsaylı bina, yol, park, məktəb, servis obyektləri, digər ərazi-planlaşdırma və infrastruktur işlərinin layihələndirilməsi də yerinə yetirilərək cari ildə nəzərdə tutulan bütün işlər yekunlaşdırılıb. Ərazisi 7800 kvadratmetr olan Zaman meydanı şimal tərəfdən gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunacaq. Metronun “Ağ Şəhər” stansiyasının çıxışlarından biri burada yerləşir. Meydan xüsusi sifariş edilmiş çoxsaylı saatlarla bəzədiləcək.


Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoyublar.

Təməlqoyma mərasimindən sonra xatirə şəkili çəkdirilib.

“Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

 

 




  Yayım tarixi :24 Dekabr 2018   15:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .