XƏBƏR
10:48

  Kolleclərə tələbə qəbulu qaydaları dəyişdirildi

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Agyol.az-ın məlumatına görə, yeni dəyişikliklərə görə, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (300 ballıq şkala üzrə topladıqları bala) əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

İndiyə qədər mövcud olan bal şkalası isə 90 ballıq idi.

Yeni dəyişikliklərə uyğun olaraq, Qaydaların 3.5-ci bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq (əvvəl hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir) təqdim edilir. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 (əvvəl 2 saat 15 dəqiqə) saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir.

Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın
davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya
“qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar müvafiq tədris ili üçün
keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

İmtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.

Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanını, eləcə də bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil
müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər.

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər. Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi
üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan
abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

 




  Yayım tarixi :24 Dekabr 2018   10:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .