XƏBƏR
11:12

  Yeni təyinat: Qarabağla bağlı növbəti mərhələ başlayır

Gündəm

Xəbər lenti

Yeni ilin ilk aylarından başlayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət impuls hiss oluna bilər.


Agyol.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərovun vəzifədən getməsi ilə bağlı məsələyə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri vəzifəsinə Tural Gəncəliyevin, peşəkar diplomatın seçilməsi müsbət hadisədir:

“Şübhəsiz ki, yeni sədr icma üzvlərinin iştirakı ilə keçirilən səsvermənin nəticəsidir. Bütövlükdə isə peşəkar diplomatın prosesdə iştirak etməsinin özü, sədrliyə namizədliyini verməsi və seçilməsi olduqca doğru bir yanaşmadır və bunu yalnız təqdir etmək lazımdır. Təkcə Tural Gəncəliyev deyil, eyni zamanda Elçin Əhmədovun da sədr müavini vəzifəsinə seçilməsi çox müsbət hadisədir. Qənaətimə görə, bu, danışıqlar prosesində müsbət dinamikanın yaranmasına da öz töhfəsini verə bilər. Eyni zamanda gələcəkdə icmalararası əlaqələrin qurulması baxımından da atılacaq addımlar üçün müsbət impuls yaradacaq. Həm sədr, həm də sədr müavini gənc, təcrübəli, dünya hüquq sisteminə bələd və enerjili insanlardır. Onlar dünyada və regionda baş verən prosesləri yaxşı bilir və qiymətləndirirlər. Bu aspektdən də bu dəyişiklikdə prosesə sırf peşəkar yanaşmanın təzahürü görünür”.

Analitik bu dəyişikliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşməsi məsələsinə də təsir göstərə biləcəyini vurğulayıb:

“Dünyada, ümumiyyətlə, qlobal proseslərdə olduqca fərqli dəyişikliklər nəzərə çarpmaqdadır. Bir-biri ilə birbaşa əlaqəsi olmasa da, Donald Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərarı artıq Yaxın Şərqdə aktiv oyunçu olan ölkələrlə bağlı proseslərin tamamilə fərqli bir mərhələyə qədəm qoymasının göstəricisidir. Bu proseslərdə aktiv oyunçu olan ölkələr də Azərbaycanın yaxın qonşuları - Rusiya, Türkiyə, İrandır. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və danışıqlarda faktiki olaraq, əsas açar dövlətdir. Bu aspektdən də deyə bilərik ki, artıq yeni proses başlayıb. Bu proseslə bağlı baş verə biləcək hadisələr 2019-cu ildə ümidverici bəzi məqamların ortaya çıxmasına zəmin yarada bilər. Son dövrlərdə Ermənistanın yeni hakimiyyətinin nümayəndələri tərəfindən də bəzi müsbət fikirlər səsləndirilir. Eyni zamanda hərbi ritorika onlar tərəfindən, qismən də olsa, kənara qoyulub. Əgər bu proses növbəti ildə də davam edərsə, bu, danışıqlar prosesinə öz töhfəsini verəcək”.

Analitik qeyd edib ki, Azərbaycan 2019-cu ilə öz mövqelərini daha da möhkəmləndirmiş halda gedir:

“Bu aspektdən Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni bütövlükdə münaqişələrin həlli məsələsi çərçivəsinə salması və əvvəlki mövqeyindən faktiki olaraq, imtina etməsi də Azərbaycanın mövqelərini möhkəmləndirən amillərdən biridir. Ermənistanın Avropa İttifaqı ilə münasibətləri də məhz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli müstəvisində olacaq. Bunlar ciddi mesajlardır. Digər tərəfdən ABŞ-ın Ermənistandakı yeni səfirinin verdiyi açıqlamalar Amerikanın da artıq ərazi bütövlüyü məsələsində prinsipial mövqe sərgiləyə biləcəyi anlamına gəlir. Yeni səfirin təyin olunduqdan sonra verdiyi ilk mesaj məhz Ermənistanın yaxın qonşularla münasibətlərinin yüksək hala gətirilməsi ilə bağlı oldu. Aydındır ki, yaxın qonşularla münasibətlər də münaqişələrin həllindən keçir. Bundan öncəki ABŞ səfirinin də söylədiyi kimi, işğal prosesinə son qoymaq lazımdır. Daha konstruktiv mövqe sərgilənməsinə ehtiyac var. Düşünürəm ki, bütün bu faktorlar müsbət dinamikanın ola biləcəyi ehtimalını yaradır. Amma müəyyən qədər gözləmək lazımdır. Hər halda, tələsik birmənalı proqnozlar vermək də doğru olmaz”.

Qeyd edək ki, dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib. İclasın yekun nəticəsinə əsasən, XİN-in əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri, Asif Cahagirov onun müavini, Elçin Əhmədov isə Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri olub. Bununla Dağlıq Qarabağ İcmasına 9 il rəhbərlik edən Bayram Səfərov tutduğu postdan uzaqlaşıb.

 




  Yayım tarixi :21 Dekabr 2018   11:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .