XƏBƏR
14:17

  Azərbaycan istehsallı hərbi məhsulların ixracı 9 faizdən çox artıb

Gündəm

Xəbər lenti

Azərbaycan istehsallı hərbi məhsulların ixracı 9 faizdən çox artıb.

Agyol.az-ın məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, nazirlik fəaliyyətə başladığı gündən ilkin mərhələdə qarşıya qoyulmuş hədəflərə, demək olar, tam nail olunub: "Ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. Eləcə də 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınıb istismara verilib".

Nazir müavini vurğulayıb ki, 2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb: "İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə isə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü ötüb".

Y.Musayev əlavə edib ki, nazirlik fəaliyyətə başladığı gündən ümumilikdə 251 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb: "Onlardan Müdafiə Nazirliyi və digər güc strukturlarının tələbatına uyğun 138 mövzu üzrə 370 adda müdafiə təyinatlı məmulatın yaradılma işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Məmulatların yaradılması zamanı 344 müxtəlif növ sınaq keçirilib. Hazırda müəssisələrdə 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir".

O bildirib ki, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb: "Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olub".

 




  Yayım tarixi :17 Dekabr 2018   14:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .