XƏBƏR
10:04

  Xalq artisti Həsən Məmmədovun 80 illiyi qeyd edilib

Gündəm

Xəbər lenti

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində kino sənətimizin inkişafında böyük xidmətləri olan, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş “Ömür keçdi, gün keçdi” adlı xatirə gecəsi keçirilib.

Agyol.az xəbər verir ki, tədbirdə ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Həsən Məmmədovun mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir.

Vurğulanıb ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Onun Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmləri və teatr səhnəsində canlandırdığı surətlər ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib. 1972-ci il fevralın 2-də “Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilən aktyor burada bənzərsiz obrazlar kaloriyası yaradıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq", "Arşın mal alan", "Gün keçdi", "Arxadan vurulan zərbə", "İstintaq", "Dədə Qorqud", "Axırıncı aşırım" və digər filmlərdə əsas rolları ifa edib.

Vurğulanıb ki, sənət nümayiş etdirmək və əbədiyaşarlıq qazanmaq hər sənətkara nəsib olmur. Həsən Məmmədov həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.

Tədbirdə böyük sənətkarın çəkildiyi filmlərdən videokadrlar nümayiş edilib.

 




  Yayım tarixi :14 Dekabr 2018   10:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .