XƏBƏR
12:29

  Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı
Agyol.az xəbər verir ki, Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” adlı bədii-sənədli film hazırlayıb. Film layihəsi “Nobel oil” şirkətinin sponsorluğu ilə həyata keçirilib.
Filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.
Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur.
Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır.
Bundan başqa, filmdə Nobel Mukafatı Fondunun 15-17 faizinin "Nobel qardaşları" neft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına təşkil etməsi qabardılır və Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mukafatı Fondu ilə üzvü bağlılığı qeyd olunur.
Həmçinin “Miras” filmində Nobel qardaşları tərəfindən "qara qızıl"a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.
“Miras” bədii-sənədli filminin ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir.
Filmin tezliklə ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.
Bakı Media Mərkəzi haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, Instagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.




  Yayım tarixi :13 Dekabr 2018   12:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .