XƏBƏR
15:37

  YUNESKO-da Ermənistanın təxribatının qarşısı alındı

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası keçirilir.


Agyol.az xəbər verir ki, sessiyada 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına  daxil edilmiş  Azərbaycanın “Çovqan- ənənəvi Qarabağ atüstü oyun ənənələrinə” dair 5 illik hesabat qəbul edilib.

Hesabatda Çovqan ataüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilmiş tədbirlər, həmçinin Ermənistanın Azərbaycanın Qarabağ regionun işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapmış, çövkən oyununun  Qarabağdan zorla qovulmuş azərbaycan əhalisi tərəfindən müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq yaşatmağa çalışdıqları və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi göstərilib.

İclasda Ermənistan nümayəndə heyəti Azərbaycana qarşı çıxış edərək, hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistanın bu cəhdi həmişə olduğu kimi yenə də iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri Komitə tərəfindən dəstəklənməyib.

Ermənistanın iddialarına qarşı çıxış edən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT nizamnaməsinin və YUNESKO-nun müvafiq konvensiyasına uyğun olaraq AR-nın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış və sənəddə ölkəmizdə çovqan oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapmışdır. Səfir komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etəməməyə çağırıb.

İclas zamanı həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün  Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya faylı ilə bağlı qərar qəbul edilməsi gözlənilir.    

Sessiyada xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə AR-nın YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, AR-nın Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, AR-nın YUNESKO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov və AR-nın Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və AR-nın YUNESKO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərovdan ibarət nümayəndə heyəti iştirak edir.

 




  Yayım tarixi :27 Noyabr 2018   15:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .