Hüquqi
və demokratik dövlət olan Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları
yüksək səviyyədə təmin olunub. Bununla yanaşı, ölkəmizdə həyata keçirilən
siyasətin mərkəzində vətəndaş amili dayanır. Yəni dövlət öz vətəndaşlarına
xüsusi diqqət və qayğı göstərir, qəbul olunan bütün qərarlarda vətəndaşların
mənafeyi əsas götürülür. Eyni zamanda, Azərbaycan dövləti öz vətəndaşlarına
qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz,
əmin-amanlıq şəraitində yaşaması, öz imkan və qabiliyyətlərindən səmərəli
istifadə etmələrini diqqət mərkəzində saxlayır. Bu baxımdan, azadlıqdan
məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin
əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların
imzalanması, eləcə də Amnistiya Aktlarının qəbul olunması xüsusi əhəmiyyətə
malikdir. Bu, dövlətin humanizm siyasətini və öz vətəndaşlarına münasibətini
əks etdirən mühüm göstəricilərdən biridir. Azərbaycanda məhkumların əfv
olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli
Məclisin qəbul etdiyi Amnistiya Aktları əsasında həyata keçirilir.
Humanizm Azərbaycanda
dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin
təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulub. Ulu öndər Heydər Əliyev hər zaman humanizm - insanpərvərlik
dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyətində daim nümayiş etdirib.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
gəldikdən sonra ölüm hökmünə moratorium qoyub. O dövrdən etibarən Azərbaycanda
heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə bu cəza növü ləğv
edildi. Bununla yanaşı, Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə əfv
sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib. Ümumiyyətlə,
Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli
lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya
əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Məhz Ümummilli liderin
hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq əfv sərəncamları
imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub.
Ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Yəni Azərbaycanda məhkumların əfv olunması ənənəsi
mütəmadi xarakter daşıyır. Öz siyasətində daim yüksək humanizm prinsiplərini
rəhbər tutan Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və
fərmanlarının icrası nətiicəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya
cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb.
Ümumiyyətlə, bu günə
qədər ölkəmizdə 11 dəfə amnistiya aktı qəbul edilib, dövlət başçısı tərəfindən
60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan
azadlığına qovuşub. Ən son Amnistiya Aktı isə Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata
keçirilib. Bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olunub. Bu, Heydər
Əliyev siyasətinin humanist mahiyyətini əks etdirən bariz nümunələrdən biridir.
Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya
aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət
üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz Heydər Əliyev
siyasətinin aparıcı istiqamətlərindən biridir. Ümumiyyətlə, Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyətində humanizm
prinsipləri xüsusi yer tutur. Fondun yarandığı vaxtdan etibarən həyata
keçirdiyi çoxşaxəli fəaliyyətlərindən biri də ardıcıl olaraq humanist
addımların atılmasıdır.
Şübhəsiz ki, ölkəmizdə
mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, Amnistiya Aktlarının qəbul
olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv
olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu
isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, onlar minlərlə
insanı əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, humanist addımlara
görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər. Yəni
Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları
olduqca yüksək qiymətləndirirlər.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov