XƏBƏR
11:47

  “Səfər Türkmənistan-Azərbaycan əlaqələrinin çox geniş potensiala malik olduğunu üzə çıxardı”

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

“Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu formatın reallaşdırılması sayəsində Azərbaycanın həm üçtərəfli, həm dördtərəfli, həm də çoxtərəfli münasibətləri də kifayət qədər inkişaf edib.

Dövlətimizin başçısı çevik və hücum taktikasına söykənən bir siyasi kursu həyata keçirir. Bu nöqteyi-nəzərdən xüsusilə qonşu dövlətlərlə bizim münasibətlərimiz daha dinamik inkişaf tempinə malikdir. Bu baxımdan Xəzər dənizi üzrə qonşu dövlət olduğumuzu Türkmənistanla əlaqələr də istisna təşkil etmir. Cənab prezidentin Türkmənistana reallaşdırdığı rəsmi səfər də bu sadaladıqlarımı təsdiqləyir”. 

Agyol.az xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Türkmənistan səfərini şərh edərkən deyib. 

O bildirib ki, Türkmənistan səfəri olduqca məhsuldar keçib və bu səfər çərçivəsində 21-dən çox mühüm normativ hüquqi sənədlər imzalanıb: “Bu sənədlər ikitərəfli münasibətlərimizin geniş inkişafına dair məsələləri ehtiva edir. Bu həm uzun müddətli, həm də 2019-2021-ci illər üçün iki ölkə arasında ticarət, iqtisadi münasibətlərin inkişafını özündə ehtiva edən razılaşmalardır. Bundan başqa, səfər çərçivəsində imzalanmış sənədlər sırasında nəqliyyat, tranzit və logistika sahəsində əlaqələrin inkişafı ilə bağlı çox mühüm razılaşmalar var. Eyni zamanda, investisiya qoyuluşunu özündə birləşdirən razılaşmalar əldə edilib. Həmçinin elm, təhsil, mədəniyyət, incəsənət sahəsində əlaqələrimizin inkişafı ilə bağlı sənədlər imzalanıb. Bu səfər göstərdi ki, iki dövlətin Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsində də əldə etdiyi çox ciddi nailiyyət var”. 

Deputat qeyd edib kİ, Azərbaycan ilə Türkmənistan arasında enerji təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsi əsas məsələlərdən biridir: “Qeyri-neft iqtisadiyyatının inkişafı dövlətimizin müəyyən etdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Bu baxımdan iki dövlət arasında qeyri-neft sferasında da əlaqələrin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Bura nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı və digər sahələr daxildir. Bu səfər göstərdi ki, hər iki dövlət arasında olan münasibətlər dostluq, qonşuluq münasibətləridir və bundan irəli gələn addımlar atılır. Həm də müəyyən edildi ki, bizim iqtisadi əlaqələrin çox geniş inkişafı və potensialı var. Ondan maksimum istifadə etmək lazımdır. Hər iki dövlət təkcə ikitərəfli münasibətlər formatında deyil, eyni zamanda beynəlxalq təşkilatlarda da ortaq və oxşar mövqelərdən çıxış etmə xəttinə sadiq qaldıqlarını bildirdilər”. 

“Münasibətlərimizin yüksək səviyyəli göstəricisi onunla bağlıdır ki, Türkmənistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Azərbaycanın haqlı mövqeyini müdafiə edir”, - deyən E.Nəsirov əlavə edib ki, Türkmənistan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ideyasına dəstək verir: “Bu da bizim üçün olduqca lazımlı məsələlərdən biridir. Bütövlükdə bu gün ikitərəfli münasibətlərimizin hüquqi çərçivəsini 68 sənəd müəyyən edir və imzalanmış yeni sənədlər də heç şübhəsiz ki, ikitərəfli və çoxtərəfli əlaqələrimizin bundan sonrakı inkişafı üçün geniş imkanlar yaradır. Beləliklə, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri həm Azərbaycanın çevik və fəal xarici siyasətinin növbəti təsdiqi, həm də Türkmənistan ilə Azərbaycanın əlaqələrinin çox geniş potensiala malik olduğu reallığını üzə çıxartdı. Bununla belə ikitərəfli münasibətlərin inkişafında yeni bir səhifənin açılmasını təmin etdi”.

 




  Yayım tarixi :23 Noyabr 2018   11:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .