XƏBƏR
11:39

  Şəmkirçay su anbarının yaxınlığındakı sutəmizləyici qurğunun inşası başa çatır

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Ölkənin qərb bölgəsində yaşayan əhalinin etibarlı və dayanıqlı içməli su ilə təminatı məqsədilə Şəmkirçay su anbarının yaxınlığında yeni sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir.

Agyol.az xəbər verir ki, bu barədə  "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qurum rəsmisi bildirib ki, məhsuldarlığına görə regionlarda tikilən ən böyük sutəmizləyici qurğu Gəncə və Şəmkir şəhərləri üçün alternativ mənbə olmaqla, 400 minə yaxın insanın içməli su təminatını yaxşılaşdıracaq: "Ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetr olan Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Anbarın potensial ehtiyatı böyük olduğundan dayanıqlı içməli su təchizatı üçün etibarlı mənbə hesab edilir. Burada toplanan yerüstü suların təbii durulmadan keçməsi onun təmizlənməsində əlavə üstünlüklər yaradır. Bu məqsədlə su anbarının yaxınlığında “Azərsu” ASC-nin sifarişi ilə məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilir. Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq. Buradan götürülən su qum süzgəclərdə təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, eləcə də bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək".

A.Cəbrayıllı qeyd edib ki, bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. Hazırda tikinti-quraşdırma işlərinin 80 faizi yerinə yetirilib və yaxın aylarda qurğu istismara veriləcək.

Bu kompleks hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, 2 manevr otağı və daha bir neçə qurğudan ibarətdir. Tikinti-quraşdırma işlərinin yaxın 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Bu mənbədən Gəncə şəhərinə saniyədə 1 141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli suyun verilməsi nəzərdə tutulur.

Anar Cəbrayıllı deyib ki, qurğuda emal olunacaq suyu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərə nəql edəcək 27 km uzunluğunda Şəmkirçay-Gəncə və 16,5 km uzunuğunda Şəmkirçay-Şəmkir magistral su kəmərlərinin tikintisi də artıq yekunlaşıb. Yeni yaradılan mənbə hesabına bu 3 şəhərin və ətraf kəndlərin 400 minə yaxın sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Şəmkirçay təmizləyici qurğularının imkanlarından bölgənin digər yaşayış məntəqələrinin su təminatında istifadə olunması da nəzərdə tutulur.

 




  Yayım tarixi :23 Noyabr 2018   11:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .