XƏBƏR
15:10

  XİN: Paşinyanın son bəyanatı onun Minsk Qrupu həmsədrlərinin təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin qaytarılmasına qarşı çıxmasına münasibət bildirərkən deyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə əslində ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi:

"Bu addım, həmçinin onun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi.

Ermənistanın baş naziri vəzifələrini icra edən N.Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən birisi olduğunu açıq şəkildə nümayiş etdirir.

Bu bəyanat Paşinyanın sələfi S.Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir".

Qeyd edək ki, N.Paşinyan mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək erməni əsirliyində saxlanılan iki Azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirib.

 




  Yayım tarixi :21 Noyabr 2018   15:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .