Noyabrın 21-də Moskvada MDB
dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir.
Agyol.az xəbər verir ki, iclasda Azərbaycanı Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə
orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov
təmsil edir.
Təhlükəsizlik
şuralarının katibləri terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin
qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin
leqallaşdırılmasına qarşı mübarizə üzrə birgə işin istiqamətlərini müzakirə
edirlər.
Görüşün gündəliyinə
MDB məkanında regional təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik şuraları
xətti ilə beynəlxalq əməkdaşlıq sahəsində digər aktual məsələlər də daxil
edilib.
Rusiya Federasiyası
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev görüşdə çıxış edərək deyib ki,
gündəliyə MDB üzvü olan dövlətlər üçün ümumi xarakter daşıyan və qarşılıqlı
maraq doğuran təhlükə və çağırışlarla bağlı problemlər daxildir.
N.Patruşev vurğulayıb
ki, 2017-ci ildə belə bir görüş keçiriləndən bəri MDB ölkələri
Əfqanıstan-Pakistan sərhədində və Yaxın Şərqdə “İslam dövləti”, “Əl-Qaidə” və
onlarla affilə edilmiş strukturlar ətrafında yaranmış vəziyyət barədə analitik
informasiya mübadiləsi aparıblar. Mərkəzi Asiyada regional tərəfdaşlıq
mövzusunun müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurası məkanında MDB xarici
işlər nazirlərinin görüşləri keçirilib. Antiterror yönümlü komanda-qərargah və
praktiki təlimlərin gedişində beynəlxalq terror təşkilatları üzvlərinin
fəaliyyətinin qarşısını almaq üzrə birgə tədbirlər sınaqdan keçirilib.
Hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdirilir.
Görüşdə MDB İcraiyyə
Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin Baş katibi səlahiyyətlərini icra
edən Valeri Semerikov, MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuralarının,
nazirlik, idarə və elmi təşkilatlarının nümayəndələri iştirak edirlər.