Agyol.az xəbər verir ki, bu gün Yeni Azərbaycan
Partiyasının yaradılmasından 26 il ötür.
Müstəqil Azərbaycan
yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş
yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm
inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan
fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni
Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə
qadir bir partiyadır.
Bu fikirləri xalqımızın
ümummilli lideri Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının
onuncu ildönümündə demişdi. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan
Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı
qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Yeni Azərbaycan
Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu
və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanda baş verən məlum hadisələrin - hakimiyyət uğurunda
gedən çəkişmələrin, özbaşınalıqların, Ermənistanın torpaqlarımıza hərbi təcavüzünün
cərəyan etdiyi bir vaxtda 91 vətənpərvər insanın tarixi missiyanı öz üzərinə
götürərək Heydər Əliyevə müraciət göndərməsi, Yeni Azərbaycan Partiyasının
yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında əvəzsiz
rol oynadı. Ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana
verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini
qazanmışdı. Xalq bilirdi ki, onu bu çətin vəziyyətdən yalnız Heydər Əliyev
amili, onun beynəlxalq aləmdəki siyasi çəkisi xilas edə bilər. Bir sözlə, xalq
öz ümidini Heydər Əliyevə bağlamışdı. Məhz 91 nəfər ziyalının müraciəti də
xalqın istəyinə və tələbinə söykənirdi.
1992-ci il noyabrın
21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis
konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını
qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də
parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət
kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da
ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib
çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı
isə Azərbaycanı bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək uğurlarına yol
açdı.
Ulu Öndərin hakimiyyətə
qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və
xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki
bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana
sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir
üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Yeni Azərbaycan
Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir
səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman
göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə
öz gələcəyini təmin etmiş oldu.
1993-2003-cü illərdə Azərbaycanda
elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş
verən ən xırda problemə belə həssaslıqla yanaşdı və onun həllinə çalışdı. Bir
zamanlar xəyal edilən iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi”
imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində
Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi
işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq
təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan
ilə əməkdaşlığa başladılar.
Ümummilli Lider Azərbaycanın
müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu
həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras
kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli
dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı
olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm
sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki,
orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi
iqtisadi sahədə qazanılan uğurlardandır.
Artıq Yeni Azərbaycan
Partiyası ümumxalq partiyasıdır. Partiyanın sıraları durmadan genişlənir. Bu
gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir
və onların 40 faizi gənclərdir. İyirmi altı illik şərəfli tarixə malik Yeni Azərbaycan
Partiyası bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf
edir.