Azərbaycan Prezidenti İlham Əliyevin
Belarusa növbəti rəsmi səfəri ikitərəfli münasibətlərin strateji xarakterə
malik olduğunu bir daha təsdiqlədi.
Agyol.Az
xəbər verir ki, Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, bu səfər bir daha
bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Belarus prezidentləri arasında,
iki dövlət və iki xalq arasında çox sıx dostluq münasibətləri mövcuddur və
münasibətlər bərabər hüquqa, qarşılıqlı hörmətə və qarşılıqlı faydalı
əməkdaşlığa söykənir:
"Bu səfər eyni zamanda göstərdi ki, siyasi
dialoq sahəsində əlaqələr çox yüksək səviyyədədir. İqtisadi, ticarət
əlaqələrimiz son il ərzində 3,5 dəfə artıb və çox geniş perspektivi var.
Humanitar əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Eyni zamanda Belarusla
Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələləri yüksək səviyyəyə gəlib
çatıb".
Deputatın fikrincə, bu səfər çərçivəsində
aparılan müzakirələr bir daha göstərdi ki, Belarus Respublikası
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində
prinsipial və dəyişməz mövqeyə malikdir: "Həmin mövqe ondan ibarətdir ki,
bu münaqişə beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və
suverenlik prinsipi əsasında həllini tapmalıdır".
O qeyd edib ki, iki ölkə arasında hərbi-texniki
əməkdaşlıq münasibətləri də çox yüksək səviyyəyə çatıb: "Bu
nöqteyi-nəzərdən Belarusun Azərbaycana "Polonez" raket komplekslərini
satması Azərbaycanın müdafiə sisteminin kifayət qədər güclənməsinə gətirib
çıxarır və bu da Ermənistanda çox ciddi qorxu və təlaş yaradır".
E.Nəsirov əlavə edib ki, Azərbaycan və Belarus
beynəlxalq təşkilatlar çərçivəsində də aktiv qarşılıqlı fəaliyyət göstərir,
bütün məsələlərdə bir-birini dəstəkləyir.