XƏBƏR
14:13

  Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır

Gündəm

Xəbər lenti

Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirilən qeyri-qanuni əməllərin tərkib elementlərindən biri də işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndələri kimi özünü təqdim edən şəxslərin bir sıra ölkələrə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfəridir.

Agyol.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Fransa həmsədr ölkələrdən biridir və vasitəçilik institutunun mahiyyəti onu tələb edir ki, vasitəçi ölkə tarazlı münasibət göstərməlidir və bu kimi qərəzli addımların atılmasına imkan verməməlidir:

“Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal olunmuş əraziləri, şəhərləri ilə “qardaş olma” prosesi, özünü qondarma rejimin rəhbərləri kimi təqdim edən şəxslərin Fransaya səfəri kimi hallar baş verir və hesab edirik ki, bunlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır və bunun qarşısı alınmalıdır”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanın diplomatik nümayəndəlikləri bu xüsusda Fransa tərəfinə Azərbaycanın ciddi etirazını çatdıracaqlar:

“Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması da məsələyə münasibətini bildirib. Əgər Bako Saakyan kimi bir şəxs Fransa ərazisinə gedirsə, burada icmalara münasibətdə bərabərhüquqlu münasibət təmin olunmalıdır. Əgər insan hüquqları konsepsiyası çərçivəsində məsələyə baxırıqsa, hər iki icma bərabərhüquqlu xarakter daşıyır və hər hansı icmaya xüsusi münasibət göstərib digərlərinin hüququnun pozulması insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Ona görə də Fransa və digər dövlətlər münaqişənin həlli prosesinə töhfə vermək istəyirlərsə, ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması təmin olunmalıdır və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüququ təsbit olunmalıdır".

O əlavə edib ki, bu proses çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq təşviq olunmalıdır və dəstəklənməlidir: "Ona görə də həmsədr ölkələr və beynəlxalq ictimaiyyətin bu istiqamətdə fəaliyyət göstərməsi faydalı olardı”.

 




  Yayım tarixi :17 Noyabr 2018   14:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .