XƏBƏR
10:20

  Rusiyanın əməkdar məşqçisi: Heç bir ölkə idmançıların qarşılanma səviyyəsinə görə Azərbaycanla müqayisə oluna bilməz

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, bunu Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Rusiya milli komandasının xoreoqrafı, Rusiyanın əməkdar məşqçisi Larisa Qurgenidze-Tavartkiladze deyib.

O, məşqlərin yaxçşı keçdiyini, yarışlarda da yaxşı nəticə göstərəcəklərinə ümid etdiyini bildirib.

Məşqçinin sözlərinə görə, bu, onun Bakıya ilk səfəri deyil və burada yarışlar yüksək səviyyədə keçirilir:

“Biz hər zaman Bakıya böyük məmnuniyyətlə gəlirik. Mənə elə gəlir ki, heç bir ölkə idmançıların qarşılanma səviyyəsinə görə Azərbaycanla müqayisə oluna bilməz”.

Xoreoqraf əlavə edib ki, Azərbaycanda akrobatika gimnastikasının inkişafı üçün çox yaxşı şərait yaradılıb.

Qeyd edək ki, 17-18 noyabr tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kuboku təşkil olunacaq.

Yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunacaq.

Ölkəmizi bu kubokda son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaq.

Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

 




  Yayım tarixi :17 Noyabr 2018   10:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .