Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan
17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində
tarixi rol oynayıb.
Agyol.az xəbər verir ki, mənəvi əsaslarını
və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər
Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb,
müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.
Keçən əsrin axırlarında dünyanın altıdabirini əhatə edən
Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı.
İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına
qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov
hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı
haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri
vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli
hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu
dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını
hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş
vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən
tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli
düşüncəyə hakim kəsildi.
Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk
gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına
baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin
dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə
olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil
alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər
Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən
20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda
Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə
bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu
adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini
əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək
iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev
xalqın istiqlal ruhunu ölməyə qoymadı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının
Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın
adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix
səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “Sovet” və “Sosialist”
sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi
addım idi. Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi
istiqamətində ilk böyük addım atdı.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin
tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də
müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın
dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya
onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti
qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru
uzanan tarixi yolun başlanğıcı qoyuldu.