Azərbaycanda
bəzi məktəblərə təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ
verilib.
Agyol.az-ın məlumatına
görə, Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi
Nizamnaməsi”ndə dəyişikliklər edib.
Nizamnamənin indiyədək
mövcud olan variantına əsasən, dövlət ümumtəhsil məktəblərində təhsil
pulsuzdur. Lakin dövlət məktəblərinin dövlət standartlarından əlavə tədris
edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli
əsaslarla təşkil etmək hüququ yox idi.
Nizamnaməyə edilən
yeni dəyişikliyə əsasən isə “Təhsil haqqında” qanuna uyğun olaraq, dövlət
təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən
tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından
əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
Digər dəyişikliyə
əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər
təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Nizamnaməyə edilən
yeni əlavəyə əsasən, ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir.
Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi
təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil
müəssisəsinə ilk növbədə qəbul olunurlar.
Bununla yanaşı,
ümumtəhsil məktəblərində “Təhsil haqqında” qanuna uyğun olaraq psixoloji xidmət
təşkil olunur.